Son zamanlar evdən qaçan gənclərin sayı artır. Nə qədər acınacaqlı olsa da, belələrinin arasında qızlar çoxluq təşkil edir. Araşdırmalara görə, evdən qaçma halları daha çox yeniyetmələr arasında baş verir. Bu, əsasən 15-20 yaşa təsadüf edir.
Psixoloq Könül İsmayılova Hit.az a açıqlamasında deyib ki, yetkinlik yaşına çatmamış uşaqlarda psixi, fiziki, mənəvi keyfiyyət və xüsusiyyətlərində özünü qiymətləndirmə çox mühüm rol oynayır:
“Yetkinlik yaşına çatmayan uşaqların azadlığa daha çox meyli olur. Xaotik ailələrdə isə istər qız, istər oğlan uşaqları evdən qaçmaq üçün fürsət axtarır. Evdə valideynlərin düzgün qoymadığı təlim-tərbiyə məsələləri uşaqlara mənfi təsir edə bilir. Hər bir ailənin özünə uyğun tərbiyə metodu, dəyərləri var. Bəzən uşaqlar evdən qaçmağa, kənar şəxslərdə sevgi axtarmağa meyl edirlər. Bu hal daha çox xaotik ailələrdə özünü büruzə verir. Məsələn, parçalanmış ailədə böyüyən azyaşlıları götürək. Xaotik ailələrdə istər qız, istər oğlan evdən qaçmaq üçün fürsət axtarır. Yəni tamamilə bütöv və əsl ailə modelindən fərqli bir mühiti nəzərə alsaq, övladın evdən qaçması gözləniləndir. Müşahidə etsək görərik ki, onların valideynlərinin ailəsində də bu cür xaotik mühit olub”.
Psixoloqun sözlərinə görə burada fərq ailələrin normal həyat tərzi və övladlarına qarşı münasibətidir:
"Valideyn uşağına irad tutarkən belə istifadə etdiyi sözlərə, üslubuna diqqət etməlidir. Uşaqları təhqir etmək qətiyyən olmaz. Çünki yaşından asılı olmayaraq, heç kim təhqiri qəbul etmir. Amma valideyn uşağına səhvini düzgün şəkildə bildirsə, uşaq da təklikdə bunu düşünəcək və öz səhvini qəbul edəcək. Çünki şüurlu qiymətləndirmə və özünə dəyərvermənin təməli bu yanaşmalardan gəlir. Başqa bir tərəfdən, yetkinlik yaşına çatmayan uşaqların təlim-tərbiyəsinin bir hissəsi də təhsil sistemindən, pedaqoqdan asılıdır. Bir sinifdə müxtəlif cür - səs salan, tamamilə özünəqapanan, özbaşınalıq edən uşaqlar olur. Onların təlim-tərbiyəyə yatımlı olması eyni dərəcədə ola bilməz".
Sevinc