Jurnalistlər üçün nəzərdə tutulan mənzillərin ədalətsiz bölgüsü ilə bağlı Prezident İlham Əliyevə müraciət edən bir qrup media işçisi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılıb.
Müraciətə imza atan 31 media işçisi ayrı-ayrılıqda idarədə dindirilir.
HİT.Az xəbər verir ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılan jurnalistlərin Criminal.az-a verdiyi məlumata görə, onlara Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondundan (KİVDF) yardım alan qəzetlərə pulun düzgün bölüşdürülməməsi, fondun keçirdiyi müsabiqədə əsasən eyni şəxslərə birinci yerlərin verilməsi, jurnalistlər üçün nəzərdə tutulan binalarda mənzillərin bölgüsündə hansı qanunsuzluqların olması barədə suallar verilib.
Korrupsiya idarəsinə çağırılan jurnalistlər prezidentin sabiq köməkçisi Əli Həsənov, KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli və Mətbuat Şurasının sədri Əflatun Amaşova qarşı cinayət işinin başlanılmasını istisna etmirlər.
Media işçilərinin ölkə başçısına müraciətində qeyd olunurdu ki, Prezident Administrasiyasının keçmiş ictimai-siyasi şöbəsinin sabiq müdiri Əli Həsənov, Vüqar Səfərli başda olmaqla, əlaltıları vasitəsilə vəzifəsindən ancaq onların hüquqlarını tapdalamaq və haqlarını mənimsəmək üçün istifadə edib.