"Tıxacın aradan qaldırılması ilə bağlı verilən təkliflər özünü doğrultmur və uğursuz olur".
Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov HİT.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, təkliflərin uğursuz olmasının əsas səbəbi onların reallığı əks etdirməməsidir:
"Digər şəhərlərdə tətbiq olunan metodların Bakıda tətbiq edilməsi də yanlışdır. Nəzərə almaq lazımdır ki, Bakı şəhərinin özünəməxsus ərazi planlaması var. Həmçinin, paytaxtımızın şəhər quruluşu da özünəməxsusdur.
Bakı Şərq mentaliteti üzərində qurulub. Lakin son vaxtlarda isə Qərb texnologiyaları istiqamətində inkişaf meyarı götürülüb. Yəni Bakının Qərblə Şərqin qovşağı olması elə-belə deyilməyib. Bu da özünü birbaşa nəqliyyat infrastrukturunda göstərib".
Aslan Əsədov qeyd edib ki, Azərbaycanın coğrafi mövqeyi və əhalinin yerləşmə forması da nəqliyyat məsələlərinə birbaşa təsir edir:
"Onu da nəzərə alaq ki, paytaxtın hər üç tərəfi su ilə əhatələnib. Həmçinin, şəhərin ətrafındakı alçaq dağlar infrastrukturun qurulmasına ciddi maneələr yaradır. Bakıya yaxın düzən ərazilərin şəhərin formalaşmasında mütləq ərazi lazımdır.
Üstəlik, Bakıda insanlar şəhərin mərkəzində daha çox infrastruktur qurulan yerlərdə deyil, şəhərətrafı yerlərdə məskunlaşıblar. Bu da 2000-ci illərdən başlayan tendensiyadır".
Pərviz