Qış fəsli soyuq havalarla yanaşı, xəstəliklər də gətirir. Mütəxəssislər qış aylarında xəstəliklərə tez yaxalanmamaq üçün hələ yay-payız aylarında müxtəlif üsullardan istifadə etməyi məsləhət görürlər. Amma hazırda soyuq havalar qapımıza dayanıb.
Bəs soyuq qış havalarında xəstəliklərdən uzaq durmaq üçün nələrə diqqət etməliyik? Qış fəsli kimlərin sağlamlığı üçün təhlükəli hesab oluna bilər?
Həkim terapevt Şəfa İsmayılova Hit.az-a açıqlamasında bildirib ki, əsasən havanın kəskin dəyişməsi zamanı orqanizm zəif olarsa, xəstəliklər baş qaldırır:
"Fəsil dəyişkənliyinə hər orqanizm bir cür reaksiya verir. Əgər insan tam sağlamdırsa, ona fəsil dəyişkənliyinin hər hansı təsiri olmur. Amma sağlamlığında problem yaşanan, immun sistemi zəif olanlar tez bir zamanda reaksiya verirlər. Qış aylarında xəstəliklər ona görə çoxalır ki, hava soyuyur və bədən bu dəyişikliyə uyğunlaşa bilmir. Buna görə də sağlamlıqla bağlı problem olmaması üçün immun sisteminin güclü olmasına çalışmaq lazımdır. Hava kəskin dəyişəndə isti geyinmək lazımdır. Bədənə soyuq olmamalıdır. Soyuq olanda isə immun sistemi düşür. Hava-damcı yolu ilə hər kəsin bədəninə viruslar keçə bilər. Amma soyuq olanda və immun sistemi zəifləyəndə viruslar baş qaldırır. Virus bakteriyaları baş qaldırmasın deyə, ilk növbədə soyuqdan qorunmaq lazımdır. İmmun sisteminin möhkəm olması təmin edilməlidir. Bunun üçün təbii şirələrdən istifadə etmək lazımdır, soyuq havada çox soyuq su qəbul etmək olmaz. İsti qidalar, içkilər qəbul etmək məsləhətdir. Vitamin C ilə zəngin olan qidaların qəbul edilməsi yaxşıdır. Portağal, mandarin, limondan çox istifadə edilməlidir. Soyuq havalarda xəmir xörəkləri yaxşıdır, orqanizmə istilik verir”.
Sevinc