Mütəmadi qulaqcıqdan istifadə edənlərə həkim tövsiyəsi

ÖLKƏ
21:04 / 05.12.2023
454

Son vaxtlar gündəlik həyatımızda qulaqlıqlarla musiqi dinləyən insanlarla daha çox rastlaşırıq. Onların əksəriyyəti gənclər olsa da, orta yaşlılar arasında da qulaqlıqlarla musiqi dinləyənlərə rast gəlmək mümkündür.  

Məsələnin ciddiliyi ondan ibarətdir ki, son zamanlar eşitmə zəifliyi şikayəti ilə həkimə müraciət edən gənclərin sayı artıb. Məlum olub ki, gənclərdə vaxtından əvvəl eşitmə zəifliyi əsasən onların daimi olaraq , qulaqlıqlardan istifadə etməsinə görə yaranır. 

Mütəxəssislər isə deyirlər ki, 80 desibeldən daha çox səsə məruz qalmaq qulağa zərər verə bilər. Onlar xəbərdarlıq edirlər ki, qulaqcığın gur səsindən uzunmüddətli istifadə eşitmə zəifliyinə səbəb olur. Xüsusilə metrolarda səs-küyü üstələyərək musiqi dinləməyə çalışan gənclər yüksək səslə musiqiyə qulaq asmağa üstünlük verirlər. Qulaq pərdələrinə belə təsirin hər gün olması isə təbii ki, insan orqanizminə fəsadsız ötüşmür.

Otolorinqoloq Elman Sultanov Hit.az-a şərhində bildirib ki, qulaqcıqlar qulağa uyğun seçilməlidir ki, sonradan problem yaşanmasın: 

"Hər qulağın ölçüsünə uyğun qulaqcıq olmalıdır. Əgər qulaqcıq qulağa uyğun deyilsə, kiçik və ya böyükdürsə, qulağı mexaniki olaraq incidir. Ayaq ölçüsünə uyğun olmayan ayaqqabılar narahatçılıq yaratdığı kimi, qulaqcıqlarda da belə narahatlıqlar yaranır. Bundan əlavə, elə qulaqcıqlar var ki, onlar qulaqdan düşməsin deyə, qulaqcıqların baş hissəsinə başlıq keçirilir ki, bu da qulaqda narahatçılığa gətirib çıxarır".

Gənclərin müntəzəm istifadə etdiyi qulaqcıqlar zamanla alışqanlıq halına gəlir və insanlar vacib əşyaymış kimi qulaqcıqsız evdən kənara belə çıxmırlar. Bu da zamanla qulaqda zəif eşitməyə, karlaşmaya gətirib çıxarır.

Həkim bildirib ki, yüksəs səslə nəyisə dinləmək qulaqlari hədsiz zədələyir:

"Necə ki, keyfiyyətsiz eynək istifadə etmək gözün görmə tonusunu aşağı salır, keyfiyyətsiz qulaqcıqdan da uzun müddət istifadə etmək eşitmə zəifliyinə gətirib çıxarır. Bu cür qulaqlıqlarda mövcud olan səs zamanla daha da pisləşir. Dükanlarda heç bir firmaya aid olmayan qulaqcıqlar satılır ki, bu qulaqcıqlardan da istifadə qulaqlara mənfi təsir edir. Buna görə insanlara tövsiyə edirik ki, markası bəlli olan qulaqcıqlardan istifadə etsinlər. Elə qulaqcıqlar var ki, qulaq kanalının içinə salınır. Belə qulaqcıqlara insanlar daha çox üstünlük verir. Qulaq pərdəsinə nə qədər yaxından səs verilərsə, qulaqların zədə alması ehtimalı daha çoxdur. 1 metrdəki partlayışın səsi ilə 10 metrdəki partlayışın səsi qulağa necə təsir göstərirsə, qulağın içinə verilən səs də eyni təsiri göstərir".

Sevinc

0