Azərbaycanda son illər Səhiyyə sahəsində də müəyyən addımlar atılıb.
Müasir tibbin tələblərinə cavab verən çoxsaylı diaqnostika mərkəzləri, xəstəxanalar, poliklinikalar tikilib, istifadəyə verilib.
Eyni zamanda, bu müəssisələr tibbi ən müasir texnikası ilə təmin edilib.
Kadr hazırlığı məsələsində də müəyyən irəliləyiş var. Ancaq hələ də tibbi təhsil alan vətəndaşlarımızın mütləq əksəriyyəti iş dalınca ya xaricə üz tutur, ya da paytaxt Bakının tibbi müəssisələrində işləməyə üstünlük verirlər.
Rayonlarda həkim çatışmamazlığı bütün çılpaqlığı ilə özünü göstərir.
Belə vəziyyətin yaranmasına səbəb nədir?
Tibb elmləri doktoru Adil Qeybulla Hit.az-a açıqlamasında bildirib ki, rayonlarda həkim çatışmamazlığı ilk növbədə insanların şəhərə meylli həyat tərzilə bağlıdır:
“Hələ sovet dönəmində də rayonlarda həkim kadrlarının çatışmamazlığı məsələsini həll etməyə cəhdlər olub. O zamanlar da çalışıblar ki, həkim kontingenti əhalinin sayı nəzərə alınmaqla regionlar üzrə düzgün paylanılsın. Ancaq o zaman buna nail ola bilməyiblər. İnsanların indiki halda da mərkəzə qaçması, paytaxtda yaşayıb işləməyə meyl etməsi həyat tərzilə bağlıdır. Rayonlarda həkimlərin maddi durumu şəhərə nisbətən aşağıdır”.
Həkimin dediyinə görə, hansısa adminstrativ üsullarla bu problemdən çıxmaq mümkün deyil:
“Adminstrativ metodlardan bu istiqamətdə imtina etməliyik. Səhiyyəni sistemə çevirməliyik. Yəni bu gün Azərbaycanın hər hansı bir rayonundakı səhiyyə Bakıdakı səhiyyə sistemindən fərqlənməməlidir. İnsanlar indiki halda kiçik bir əməliyyatdan ötrü Bakıya üz tutmamalıdır”.
Sevinc