Mədəkiçiltmə əməliyyatı çıxış yoludurmu?

19:50 / 08.12.2023
248

Son vaxtlar artıq çəkidən əziyyət çəkən insanlar xilas yolunu cərrahi əməliyyatda görürlər. Lakin bu əməliyyatların fəsadları bəzən faciəli nəticələrə gətirib çıxarır.

Mədəkiçiltmə əməliyyatı mədənin cərrahi yolla kiçildilməsidir. Mədə həcmi azaldılaraq pasientin daha az qida ilə doyması nəzərdə tutulur. Həmçinin mədənin fundus adlandırdığımız dib hissəsi əməliyyat nəticəsində çıxarıldığı üçün fundusda ifraz olunan iştah hormonunun (grelin hormonu) səviyyəsi kəskin azalır, bu isə iştahanın azalmasına və tez doyma hissinin yaranmasına səbəb olur.

Kiçilәn mәdәnin, tәbii ki nәticәsi olaraq insanlar әmәliyyat sonrasında kilo itirir vә özlәrinә yeni hәyat tәrzı yaradırlar. Bəzən hər mədə kiçiltmə əməliyyatı etdirənlər xoş sonluqla qarşılaşmır. Belə ki, bu əməliyyat növündən sonra həyatını itirənlər az deyil. 

Bu günlərdə AzTV-də sürücü işləyən 24 yaşlı Vüqar artıq çəkisinə görə mədə kiçiltmə əməliyyatı keçirib. O, əməliyyatdan iki gün sonra dünyasını dəyişib.

Qastroenteroloq Nəzakət İsmayılova Hit.az açıqlamasında qeyd edib ki,  mədə kiçiltmə əməliyyatı ilə bağlı maarifləndirmə çox aşağı səviyyədədir. Çoxu bunu sırf arıqlamaq üçün edilən əməliyyat kimi başa düşür. Hətta hədsiz çox kilosu olmayan belə, bu əməliyyata qaçır, nəticədə tez də olmasa, sonradan onun fəsadlarıyla qarşılaşır: 

"Əslində isə bu əməliyyatı morbid piylənməsi olanlar etdirə bilər. Morbid piylənməsi ölümcül piylənmə deməkdir. Yəni ,piylənmə həddi o qədər yüksəkdir ki, ürək çatışmazlığı və digər fəsadlar verərək, xəstəyə həyati təhlükə yaradır. Həmin şəxs tez bir zamanda piylənmədən qurtulmalıdr ki, ölməsin.

 Azərbaycanda o formada piylənmədən əziyyət çəkən insanlar isə barmaqla sayılacaq qədərdir. Bu hal daha çox ABŞ-da müşahidə olunur, nəinki Avropa və Asiya qitəsində. Artıq bədən çəkisindən (piylənmə öncəsi) əziyyət çəkən, 1-ci və 2-ci tip piylənməsi olan şəxs bu əməliyyatı etdirdikdə həddən artıq arıqlaya bilər. Eyni zamanda orqanizmdə mübadilə prosesinin pozulmasına, vitamin-mineral kompleksinin mənimsənilməsində problemə, ümumi müqavimətin azalmasına səbəb olar".

Həkim qeyd edib ki, bu gün mədə kiçiltmə əməliyyatına estetik cərrahiyyə kimi baxılır: "Amma bu, belə deyil. Bariatrik əməliyyatın məqsədi xəstələri şəkərli diabet, piylənmə, cinsi zəiflik, oynaq ağrıları, qan təzyiqi kimi xəstəliklərdən qurtarmaqdır. Bir sözlə, piylənmədən əziyyət çəkən xəstələrin normal həyat tərzinə geri dönmələri üçün edilən əməliyyatdır".

Cərrah vurğulayıb ki, bariatrik əməliyyat ancaq xüsusi göstəriş olan xəstələrdə həyata keçirilir:

"Bəzi insanlar dieta saxlamadan bir neçə kilo çəki atmaq üçün bu əməliyyata üz tuturlar. Ancaq biz hər xəstənin mədəsini kiçiltmirik. Bu gün bizə müraciət edən 10 xəstədən 8-ni geri göndəririk. Çünki həqiqətən də mədəsinin kiçilməsinə ehtiyac olan xəstələri əməliyyat edirik. Çünki belə insanlara başqa yolla kömək etmək mümkün deyil".

Sevinc

0