Koronavirusun yeni \"Pirola\" ştamı təhlükəlidir? - Həkimdən AÇIQLAMA

13:00 / 11.12.2023
453

"Koronavirusun yeni ştamları yayıla bilər".

Bu sözləri tibbi ekspert, həkim-terapevt Rasif Bağırov HİT.az-a açıqlamasında deyib.

Amma həkim bildirib ki, həmin ştamlar əvvəlki olmayacaq:

"Düzdür, koronavirus adi virus infeksiyalarına nisbətən orqanizmdən bir qədər çətin xaric olunur. O, demək olar ki, öz-özünə çıxmır və mütləq müalicəyə ehtiyac yaranır. Hətta xəstə gecikərsə, virus 1-2 ay onun bədənində qalaraq narahatlıq yarada bilər. Virus özü bədəndən xaric olunsa belə, onun yaratdığı fəsadlar mütləq şəkildə müalicə olunmalıdır. Bu, xəstənin sağalması üçün lazımdır".

339594

Həmsöhbətimiz vurğulayıb ki, koronavirus bu xarakterinə görə əvvəl tanıdığımız viruslardan fərqlənir:

"Əvvəllər hansısa virusa yoluxan xəstələr öz-özünə sağala da bilirdi. Buna baxmayaraq, koronavirusa yoluxanlar mütləq müalicəyə ehtiyac duyurlar. Amma onu da nəzərə almaq lazımdır ki, "Pirola" kimi yeni ştamlar da koronavirusun əvvəlki variantlarından fərqlənir. Belə ki, artıq yüngül müalicə ilə bu xəstəliyi ötüşdürmək mümkün olur. Lakin müalicənin olunması olduqca önəmlidir. Bununla da xəstələr qısa zaman ərzində sağalaraq, normal həyatlarına davam edə bilərlər". 

Həkim "Pirola" ştamının yayılma sürətindən də söz açıb:

"Ümumiyyətlə, koronavirusun bütün ştamlarının yayılma sürəti bir-birinə yaxındır. Çox sürətlə yayıldığı üçün həmişə cəmiyyətdə müəyyən problemlər yarada bilir. Əslində yeni ştamların yayılma sürətini əvvəlkilərlə müqayisə etmək çətindir. Amma "Pirola" və bənzər ştamlar ən çox "Omikron" variantından əmələ gəlirlər. "Omikron" isə həmişə yayılma sürətinə görə fərqli olur". 

Pərviz

0