Könül İsmayılova: "Uşaqlarını küçəyə atan analar psixoloji yox, ağır forma olan psixiatrik problemlərdən əziyyət çəkənlərdir"

ÖLKƏ
14:53 / 13.12.2023
364

Məlum olduğu kimi, Bakıda ana yaş yarımlıq övladını taksidə qoyaraq qaçıb. Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edək ki, körpəsini taksidə qoyaraq qaçan ana artıq tapılıb. Hazırda körpə sığınacaqdadır.

Onu da bildirək ki, son vaxtlar körpələrin küçəyə atılması, hansısa qurumun qarşısına qoyularaq tərk edilməsi hadisələri artıb.

Məsələn, belə bir hadisə oktyabrın 25-də Gəncədə şəhərində yaşanmışdı. Belə ki, 2 yaşlı və 3 aylıq körpə uşaqlar nənələri tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin önünə qoyularaq, tərk edilmişdi. Körpələr Bakı şəhərində yerləşən körpələr evinin birinə yerləşdirilib.

Körpələrin anaları onları geri götürmək istəsə də, qadının narkotik aludəçisi olması, sosial durumu və onun övladlarının qəyyumu olan nənəsinin uşaqlara baxmaq istəməməsi səbəbləri nəzərə alınaraq , uşaqlar ona verilməyib.

Psixoloq Könül İsmayılova Hit.az-a şərhində bildirib ki, uşaqlarını küçəyə atan analar psixoloji yox, ağır forma olan psixiatrik problemlərdən əziyyət çəkənlərdir:

"Nikahdankənar doğulan uşaqları üzə çıxara bilməyən qadınlar psixoloji gərginlik keçirirlər və bu, çox vaxt onlardan imtina etməklə nəticələnir. Çox vaxt nikahdankənar doğulan uşaqları üzə çıxara bilmirlər. Onlar ətrafın qınaqlarından qorxurlar. Eyni zamanda, bu vəzifəni üzərlərinə götürmək istəmədikləri üçün sanki məsuliyyətdən uzaqlaşmış kimi uşağı atmaqla özlərini sığortalamış olurlar. Bu hallarla çox qarşılaşmışam. Həmin xanımlar sonradan etdiklərinə görə çox peşman olurlar. Onlar o qədər stress keçirirlər ki, şüuraltı özlərini və uşaqlarını sanki cəzalandırırlar. Uşağın dünyaya gəlişi ana üçün o qədər də asan olmur, döyülür, söyülür, alçaldılır. Çox zaman bu kimi məqamların nəticəsində həmin hadisələr baş verir".

Psixoloqun sözlərinə görə,uşaqlar bizim gələcəyimizdir. Onları sağlam, savadlı, təminatlı böyütmək hər bir valideynin mənəvi borcudur. Hər bir valideyn doğacaq körpəni dünyaya gətirmək üçün həm mənəvi, həm maddi cəhətdən hazır olmalıdır: 

“Çünki, uşaqlar psixoloji cəhətdən valideynlərinin səhvlərinin cəzasını çəkirlər. Elə valideynlər var ki, onlar həyatda etdikləri məsuliyyətsizlik ucbatından dünyaya övlad gətirir, daha sonra ya ailələri onları qəbul etmir, ya mənəvi cəhətdən övlad böyütməyə hazır olmadıqları üçün onları atırlar. Uşağa kənar yerdə göstərilən münasibət nə isti ana qucağını, nə də ata qayğısını əvəz edə bilməz. Atılmış uşaqlar ömür boyu bu psixoloji zədədən yaxa qurtara bilmirlər”.

Sevinc

0