Sovetlərin məhv etdiyi yaşıl ensiklopediyamız

ÖLKƏ
13:18 / 14.12.2023
465

Və yaxud Mərkəz nə üçün yaşıl ensiklopediyanın məhvinə qərar verdi?

Mənə elə gəlir ki, bu gün Sovet dövrü baş verən bütün hadisələr, bu hadisələrin təşkilatçıları və iştirakçıları haqqında olan qaranlıq məqamlar işıqlandırılmalı, hər şey obyektiv şəkildə bugünkü gəncliyə bəyan edilməlidir. Gənclərimiz dünənimizdə baş verən bütün hadisələri bilməlidirlər ki, kimin kim olduğu, xalqı, milləti, dövləti üçün nə etdiyi bəlli olsun.

1992-ci ilin qış ayları idi. Görkəmli tədqiqatçı, jurnalist, publisist, dövrünün “canlı ensiklopediyası” adlandırılan Qulam Məmmədli ilə yenə də M.F.Axundzadə adına Milli kitabxanada görüşdüm. Qulam müəllimin qarşısında Azərbaycan Sovet Ensiklopediyasının 1987-ci ildə çap olunan X cildi var idi. Qulam müəllim kitabın bir neçə səhifəsini göstərərək dedi: 

– Bax qızım, nə qədər yanlışlıqlar var. İşarə eləmişəm. Qızım, əslində, bu “qırmızı” ensiklopediyalardan əvvəl – 1970-ci ildə Rəsul Rzanın rəhbərliyi ilə yaşıl rəngdə 30-40 min tirajla Azərbaycan Ensiklopediyasının I cildi hazırlanaraq çap edildi. Təəssüflər ki, Mərkəzin göstərişi ilə ensiklopediyanın nəşr olunan nüsxələri məhv edildi və onun yayımına qadağa qoyuldu. 

– Niyə Qulam müəllim, səbəb nə idi?

– Səbəb tariximizlə bağlı bəzi məqamların həmin ensiklopediyada doğru-dürüst əks etdirilməsində idi. Məsələn, yaşıl rəngdə olan ensiklopediyada qeyd edilirdi ki, Dağlıq Qarabağda məskunlaşan ermənilər, əsasən, Türkiyə və İrandan köçüb gəlmələrdir, bu ərazilərin əsas sakinləri isə Azərbaycanlılardır. Sovet dövrü yazılan bütün kitablarda qeyd edilir ki, Azərbaycan xalqı inqilaba qədər savadsız olub, yalnız aprel çevrilişindən sonra təhsilə sahib olub. Bu yanlış fikri də Rəsul Rza yaşıl ensiklopediyada inkar edirdi. Və yaxud Ararat dağının, Ağrı dağı kimi yazılması və bir çox faktlar ermənilərin və Mərkəzin xoşuna gəlməmişdi. Hətta ermənilər bu ensiklopediya ilə bağlı Moskvaya və Azərbaycan KP MK etiraz məktubu da yazmışdılar. Moskva da ensiklopediyanın nəinki, məzmununa, hətta formasına da etiraz bildirmiş, yaşıl rəng xoşuna gəlməmişdi. Ona görə 1975-ci ildə R.Rzanı işdən kənarlaşdırdılar, yaşıl ensiklopediyalar isə yoxa çıxdı.  
 
Qulam müəllimlə bu söhbətimdən sonra dəfələrlə yaşıl ensiklopediyanın axtarışına çıxsam da, bircə nüsxəsini belə nə kitabxanalarımızda tapdım, nə də arxivlərimizdə. İllər sonra bu mövzu haqqında professor Nəsiman Yaqublunun “Azərbaycan milli azadlıq hərəkatı Ensiklopediyası” əsərindən məlumat əldə edərkən çox sevindim. Müəllif “Azərbaycan Sovet Ensiklopediyası nəşr edildi, yayımı dayandırıldı, nüsxələr məhv edildi. "'Yaşıl' və 'qırmızı' ensiklopediyalar” başlıqlı məqaləsində mövzu haqqında geniş və ətraflı məlumat verib. Müəllif yazır ki: “1975-ci ilin oktyabrın 24-də Azərbaycan KP MK Bürosu “Azərbaycan Sovet Ensiklopediyası” işində ciddi nöqsanlar haqqında qəbul edilən qərarda xalq şairi Rəsul Rza millətçilikdə, Azərbaycan xalqının keçmişinə üstünlük verməkdə, Ararat dağını həm də Ağrı dağı kimi təqdim etməkdə, beynəlmiləlçiliyə qarşı çıxıb qonşu Ermənistan və Gürcüstanda dəyişdirilmiş yer adlarının əski yazılışını verməkdə ittiham olunurdu”.  

Müəllif daha sonra vurğulayır: “R.Rzanın milli, tarixi dəyərlərə bağlılığı, nəyinki, Mərkəzin, hətta bəzi alimlərimizin də” (təəssüf öz soydaşlarımızın) narazılığına səbəb olmuşdur. Narazılığa səbəb olanlardan biri də o idi ki, “Rəsul Rza ensiklopediyasında 180 azərbaycanlı, 15 erməni adı var idi”. Mövzuya olan marağım məni sonrakı illərdə çap olunan ensiklopediyaları bir daha, diqqətlə gözdən keçirməyə vadar etdi. Doğrudur, bir məqalədə bütün cildlər haqqında məlumat vermək mümkün deyil. Çünki həmin ensiklopediyalarda o qədər yanlışlıqlar, səhvlər və s. var ki.., onlar bir yox, bir neçə məqalə də sadalansa, yenə də azdır... 

Qarşımda 1984-cü və 1987-ci illərdə görkəmli alim Cəmil Quliyevin Baş redaktorluğu, Ş.Q.Cərullayevin məsul katibliyi ilə çıxan VIII və X cilddə qırmızı rəngdə ensiklopediyalar var. Vərəqləyirəm. Hər ikisi 608 səhifədən ibarət olan ensiklopediyalar, demək olar ki, başdan-ayağa Alyoşa, Vasili, Nikolay, Dimitri, İvan, Pavlov, Mariyya, Nataşa, Saşa, Faina, Vasili, Aleksandr, Aleksey, Andrey, Pavel, Boris, Sergey, Maksim, Mixayl, Şagenyan, Qriqoryan, Şaumyan, Mikoyan, Mirzoyan, Dmitriyanlarla "doldurulub". 1984-cü ildə nəşr edilən Ensiklopediyanın VIII cildində səhifə 5-dən, səhifə 79-a qədər bir nəfər belə Azərbaycanlının adı yoxdur. Nə bir ziyalısının, nə də bir əmək qəhramanının.  
Azərbaycan xalqının düşməni olan Stepan Şaumyan isə xalq qəhrəmanı kimi təqdim edilib (Bax: Azərbaycan Sovet Ensiklopediyası. On cilddə, X cild. 1987, səh, 469-470).

1987-ci il. Bizim “ən mötəbər mənbə”mizdə, ən görkəmli alimlərimiz hələ də (Moskvanın xoşuna gəlmək üçün) qardaşlıqdan, beynəlmiləlçiliydən dəm vururdular. O, “qardaşlar”, o “dostlar” cəmi bir il sonra üstümüzə silahla gəldi, soydaşlarımızı yurdundan-yuvasından didərgin saldı, qanına qəltan elədi, Xocalı, Malıbəyli, Qanlı Yanvar faciələrini törətməkdən həzz aldılar. Çar Rusiyasının başqa formada mövcudluğunu davam etdirən Sovet imperiyası mücadiləmizə, mübarizəmizə hər cür qənim kəsilsə də bir amal, bir inam, inad “Səni bu mücadilə qurtaracaqdır!” deyə mübarizəyə səslədi. 

“Yaşıl”, “qırmızı” ensiklopediyamız. Birincini də öz ziyalımız, söz, qələm sahibimiz, alimimiz yazıb, rəhbərlik edib, ikincini də. Deməli, günahkar elə özümüzük. Tarixi həqiqətləri yazan Rəsul Rzanı tənqid edən də öz alimlərimiz deyildimi? Onların bəziləri sonradan Şaumyanlarla, Vladimirlərlə dolu olan “Qırmızı” ensiklopediyanı ərsəyə gətirdilər. Amma zaman da onlara öz sözünü yaman dedi ha...   

Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist

1