Elman Cəfərli: "Son 10 ildə Azərbaycanın su ehtiyatları xeyli azalıb"

ÖLKƏ
13:53 / 14.12.2023
380

BMT-nin İnkişaf Proqramının proqnozuna görə, ciddi addımlar atılmasa, 2050-ci ilədək su resurslarımız 23 faiz azala bilər.

Bunun qarşısı necə alınmalıdır? Hökumət və cəmiyyət olaraq buna hazırıqmı?

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Hit.az -a açıqlamasında bildirib ki, son illərdə qlobal miqyasda içməlu su problemi yaranıb. Buna səbəb kürəsəl istiləşmə və yağıntıların azalmasıdır:

“Amma su resurslarının azalmasını təkcə təbii amillərə bağlamaq düzgün deyil. Burada antropogen təsirlər də var. İçməli sudan istifadənin artması urbanizasiya ilə, yəni şəhərlədə yaşayan insanların artması ilə birbaşa bağlıdır. Sirr deyil ki, dünya ölkələrində, o cümlədən Azərbaycanda şəhər əhalisi kənd əhalisinə nisbətən sürətlə artıb. Təxmini hesablamalara görə şəhərlədə hər sakinə gün ərzində 500 litr su tələb olunur. Artan əhalini ərzaqla təmin etmək üçün görülən tədbirlər kənd təsərrüfatı sahələrinin genişlənməsinə gətirib çıxarır"

Elman Cəfərli qeyd edib ki,  Azərbaycan su resurslarının az olduğu ölkələrdəndir:

"Son 10 ildə Azərbaycanın su ehtiyatları xeyli azalıb. Buna səbəb qlobal amillərlə yanaşı qonşu ölkələrdə suya tələbatın artmasıdır. Bizim əsas içməli su qaynağımız transsərhəd çayları: Kür, Araz, Samur, Qanıxçaydır. Onların mənbəyini qonşu ölkələrin dağ sisilələrindən götürür. Bu çaylar bizə çatana qədər xeyli itkiyə məruz qalır. Bu çayların suyundan kənd təsərrüfatında istifadə olunur. İnkişaf etmiş dövlətlər suyun kənd təsərrüfatında israfını minimum endirmək üçün yeni texnologiyalar tətbiq edirlər. Kənd təsərrüfatı inkişaf etmiş bir sıra ölkələrdə suvarmada damcı və çiləmə üsulundan istifadə olunur. Çox təəssüf ki, bu texnologiya bizim fermerlər üçün hələ də əlçatmazdır. İstifadə edənlər var, amma kütləvi deyil".

Ekspert həmçinin bildirib ki, suvarmada su israfının qarşısını almaq üçün dövlət qurumları fermerlərə dəstək göstərməli, onların yeni texnologiyalara çıxışını təmin etməlidir:

"Başqa yolla su israfını qarşısını almaq mümkün olmayacaq. Bundan başqa tullantı sularının təkrar email müəssisələrinin sayı artırılmalıdır. Texniki su şəbəkələri yenidən qurulmalıdır. Yaşıllaşdırmada, avtoyuma müəssisələrində təkrak emal sularından istifadə etmək günün tələbidir. Bir müddət əvvəl Xəzər dənizinin suyunun şirinləşdirilməsi ilə bağlı təşəbbüslər var idi. Çoxlu maliyyə vəsaiti tələb etsə, hesab edirəm ki, bu layihəyə yenidən müraciət etmək məcburiyyətində qalacağıq”.

Sevinc

0