Adil Qeybulla: "Onlayn sistemin mərkəzləşdirilmiş proqram təyinatı tam həyata keçirilməyib"

ÖLKƏ
18:10 / 15.12.2023
484

Son zamanlarda poliklinika və xəstəxanalarda onlayn sistemin çökməsi hallarına tez-tez  rast gəlinir. Məlumdur ki, pandemiyaya qədər xəstəxanalarda yalnız canlı növbə mexanizmi işlək idi. Ancaq indi vətəndaşlar onlayn növbə götürməklə həkimin qəbuluna yazıla bilir. Təəssüf ki, son zamanlar bu sahədə narazılıqlar artıb. 

Belə ki, poliklinika və xəstəxanalarda onlayn sistemin işlək vəziyyətdə olmaması xəstələrin narazılığına səbəb olur. Onlar saatlarla xəstəxanada həkimin qəbuluna düşmək üçün gözləməli olur. Bu hal, istər-istəməz, xəstəxanda gərginliyin artmasına və o tibb ocağı ilə bağlı düşüncənin dəyişməsinə səbəb olur.

Professor, tibb elmləri doktoru  Adil Qeybulla Hit.az -a şərhində  qeyd edib ki, icbari tibbi sığorta tətbiq edildikdən sonra belə müəyyən problemlər olur. Bunun səbəbi isə sistemin hələ də tam qaydasında olmaması ilə bağlıdır:

“Onlayn sistemin konkret olaraq mərkəzləşdirilmiş proqram üzrə təyinatı tam həyata keçirilməyib. Ona görə də müəyyən problemlər var. Hesab edirəm ki, bu problem qısa müddətdə aradan qaldırılacaq. Digər tərəfdən, icbari tibbi sığortanın effektiv işləməsi üçün birinci növbədə bu növbəlilik sistemi təmin edilməlidir. Bu çox vacibdir. Əks halda insanlar gedir, orda basabas yaranır, nəticədə effektiv sistem qurmaq mümkün olmur. Həm həkim yorulur, həm xəstələr narazı qalır, həm də bəzi şəxslər həmin gün qəbula düşə bilmir. Bu da bəzən haqlı, bəzən haqsız narazılıqlara səbəb olur”.

A.Qeybulla hesab edir ki, mərkəzləşdirilmiş proqram üzrə qəbul sisteminin yaradılması çox vacibdir: 

“Onu da deyim ki, Türkiyədə uzun illərdir icbari tibbi sığorta tətbiq edilsə də, müəyyən çatışmazlıqlar ortaya çıxır və sistem daim təkmilləşdirilir. Azərbaycanda da onlayn növbənin daim təkmilləşdirilməsi çox yaxşı olardı. Bu, vaxt itkisinin də qarşısını almış olur. Sistem təkmilləşdikcə bu qüsurlar aradan qalxacaq".

Sevinc

0