Zərif cinsin nümayəndələri niyə siqaret çəkir?

ÖLKƏ
21:35 / 15.12.2023
622

Son zamanlar Azərbaycanda siqaret çəkən gənc qadınların sayında artım müşahidə olunur. Kafe-restoranların siqaret çəkilən bölməsində qadınların daha çox oturması buna misal ola bilər. Açıqlanan statistik rəqəmlərə əsasən, Azərbaycanda siqaret çəkən qızların sayı kəskin artır. Son statistikaya görə, Azərbaycanda hər 66 qadından biri siqaret çəkir.

Siqaret çəkən qadınların sayının artması barədə fikir bildirən psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında qeyd edib ki, son zamanlar siqaret çəkən qadınların çoxalmasından narahatdır: 

“Siqaret çəkmək hər zaman olub. Əvvəl gizli çəkirdilərsə, indi aşkarda çəkirlər. Hər hansı bir müəssisəyə gedirsən, görürsən ki, xanımlar oturub siqaret çəkirlər.

Siqaret çəkməyə dəb və müasirlik kimi baxırlar. Mənə elə gəlir ki, tək qadınlar deyil, kişilər də siqaret çəkməli deyillər. Bu bizim səhhətimizə ziyandır. Siqaret çəkən qadınların çoxu sabahın anasıdır. Bunun dünyaya gələcək uşağa da mənfi təsiri olur”.

Ekspert hesab edir ki, xanımın siqaret çəkməsi əslində özünü kişi ilə şüuraltı bərabər tutması ilə bağlıdır:

"Amma gender bərabərliyi pis vərdişlərdən istifadə edilməklə formalaşdırılmır. Xanımların siqaret çəkməsi bir etiraz formasıdır. Tənha və həyatlarında problem olan qadınlar öz psixoloji durumlarını qaydaya salmaq üçün siqaretdən istifadə etməyə çalışırlar. Bu gün Azərbaycanda siqaret çəkən xanımlar çoxdur. Əvvəllər bunu gizlində edirdilərsə, indi artıq heç kimdən çəkinmirlər. Siqaret və qəlyanın zərərləri hamilə xanımlarda özünü daha çox göstərir. Eyni zamanda, psixoloji gərginlik, rahatsızlıq da yaradır. Xanımlar qoxuya qarşı hər zaman həssas olurlar. Xüsusilə tütün, siqaret qoxusunu çox pis qarşılayırlar. Qadınlar daha çox yüngül, qoxusu olmayan siqaretlərdən istifadə edirlər. Asılılıq olduqda isə bu narahatlıq, gərginlik daha çox olur. Həyatlarındakı konfliktlər, psixoloji gərginliklər bəzən xanımları yanlış olaraq siqaret çəkməyə vadar edir. Digər tərəfdən, xanımın çevrəsi onun siqaret çəkməsinə böyük təsir göstərir. Xanımlar diqqətli olmalı və yeniyetməlik dövründə bu cür zərərli vərdişlərdən uzaq durmağa çalışmalıdırlar. Valideynlər övladlarında bu cür zərərli vərdişlərə maraq hiss edirlərsə, yaxşı olar ki, zamanında tədbir görərək, onları bundan uzaqlaşdırsınlar”.

Sevinc

0