Yeni ilin gəlişinə sayılı günlər qaldığından artıq iri supermarketlərdə, mağazalarda yeni il hədiyyələrinin satışına başlanılıb.
Bir-birindən fərqli, rəngarəng və bəzəkli qutulara yığılan bayram sovqatları uşaqları sevindirmək məqsədilə hazırlansa da, bəzən bu hədiyyə qutularındakı şirniyyatlar heç də uşaqlara bayram ovqatı bəxş etmir.
Hədiyyə qutularının içindən keyfiyyətsiz, vaxtı keçmiş şirniyyatların çıxma ehtimalı bu il də aktualdır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Hit.az-a açıqlamasında bildirib ki, alıcılar bayram hədiyyəsi alarkən diqqətli olmalıdırlar:
"İstehsalçılar məhsulları cəlbedici qablaşdırmada təqdim etməyə çalışsalar da, bəzən bahalı hədiyyələrin də içərisindən keyfiyyətsiz və vaxtı keçmiş məhsul çıxa bilər.
Ona görə də, istehlakçılar mütləq üzərində istehsalçı barədə məlumat olan yeni il hədiyyələrini alsınlar".
Onun sözlərinə görə, hədiyyələrin üzərində məhsulların çeşidi, hədiyyə qutularının istehsal tarixi, eləcə də istehsalçı barədə məlumat göstərilməlidir. Əgər hədiyyə qutusunun üzərində bu məlumatlar yoxdursa, almaq məsləhət deyil:
“Çox yaxşı olardı ki, valideynlər öz övladlarını sevindirmək istəyirlərsə, bayram üçün hədiyyə qutusunu özləri hazırlasınlar. Qutunu alıb içərisinə şirniyyatları özləri yığsınlar. Çünki, bəzən valideynlər yeni il şənliklərində onlara verilən hədiyyə qutularının içərisinə diqqət yetirmirlər. Uşaqlar yedikdən sonra zəhərlənmə baş verir".
Sevinc