Məlum olduğu kimi Milli Məclisdə "Arbitraj haqqında" yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib. Bu qanun arbitrajın həyata keçirilməsi ilə bağlı yaranan ictimai münasibətləri tənzimləyəcək.
Arbitraj sazişinə dair tələbləri, Azərbaycanda arbitraj məhkəmələrinin və daimi arbitraj təşkilatlarının təşkili, fəaliyyət göstərməsi, arbitraj icraatının aparılması, arbitraj qərarlarının tanınması və icrası qaydalarını müəyyən edəcək.
Onu da qeyd edək ki, arbitraj sazişi – tərəflər arasında yaranan və ya yarana biləcək mübahisələrin arbitraja verilməsi barədə tərəflərin razılaşmasıdır.
Arbitraj sazişi yazılı formada bağlanılır. Arbitraj sazişi müqavilədə arbitraj qeyd-şərti kimi və ya ayrıca müqavilə formasında ola bilər.
Maraqlıdır, yeni qanunun qəbulu ilə məhkəmələrin iş yükü azalacaqmı?
Hüquqşünas Əkrəm Həsənov Hit.az-a şərhində açıqlamasında qeyd edib ki, arbitrlərə etimad olmalıdır ki, tərəflər onlara müraciət etsinlər:
“Belə bir qanunun qəbulu müsbətdir. Arbitrajlar normal şəkildə işləsələr, bu, məhkəmələrin iş yükünü azaldacaq. Arbitraj tərəflər arasında olan mübahisənin dövlət məhkəməsindən kənar məhkəmədə baxılmasıdır. Arbitraj özəl məhkəmədir. Tərəflər öncədən müqavilə bağlayır və həmin sənəddə qeyd edilir ki, mübahisə yaranarsa, buna dövlət məhkəməsində yox, arbitraj məhkəməsində baxılacaq. Dünya təcrübəsində bu geniş yayılıb. Müxtəlif səbəblərdən (dövlət məhkəməsində işin çox uzanma ehtimalı və s.) tərəflər mübahisələrə arbitrajda baxılmasına üstünlük verirlər. Xarici vətəndaşlar da mübahisələrini Azərbaycanda arbitraj məhkəmələrində həll edə bilərlər”.
Sevinc