Sonsuzluqdan əziyyət çəkənlərin sayı artır - Ginekoloqdan açıqlama

ÖLKƏ
21:37 / 19.12.2023
336

Bütün dünyada gündən-günə artmaqda olan sonsuzluq bəlası neçə-neçə ailəni körpə nəfəsinə həsrət qoyur. Təəssüf ki, ölkəmizdə də övladsız ailələr var. Ailədə boşanma hallarına rəvac verən ilkin səbəblərdən biri elə sonsuzluqdur. 

Ginekoloq Pərvanə Mustafayeva Hit.az-a şərhibdə bildirib ki, qız valideynləri 13-14 yaşından sonra il ərzində övladını ultrasəs müayinəsi etdirməlidir:

“Təəssüflər olsun ki, bəzi valideynlər “USM-də nə işi var?", “həkimə apararam, qızımı ginekoloji masaya çıxarar” düşüncəsilə övladında olan hansısa narahatlıqların müalicəsi üçün həkimdən imtina edirlər. Ümumiyyətlə, valideynlər qız uşaqlarının ginekoloji orqanlarının müayinəsindən qorxurlar. Belə olduğu halda, sonsuzluqdan əziyyət çəkən qızların sayı artır. Məlumat üçün bildirim ki, sonsuzluq əlamətləri erkən yaşlarda müəyyən ediləndə onu aradan qaldırmaq daha asan olur. Qızlar 14 yaşından başlayaraq ginekoloqun nəzarətində olmalıdırlar. Ginekoloqa getmək o demək deyil ki, həkim ona hansısa müdaxilələr edəcək. Sadəcə, həkim sual-cavab əsasında, USM vasitəsilə həmin uşaqda ginekoloji problemlərin olub-olmadığını müəyyən edə biləcək. Neqativ hal müəyyən olunanda həmin uşaq qan müayinəsinə cəlb olunmalıdır”.

Androloq Ramiz Abdullayev Hit.az-a açıqlamasında vurğulayıb ki, kişi sonsuzluğunun səbəbləri müxtəlifdir. Səbəblərdən biri də uşaq yaşlarında keçirilmiş olan epidemik parotit (“svinka”) xəstəliyidir:

“Bu xəstəlik zamanı oğlan uşaqlarında xayalar zədələnir. Əgər xəstəlik zamanı uşaqda baş verən xayanın iltihabı kifayət qədər güclü olarsa və bu zaman tələb olunan müalicə kursu aparılmazsa, bu, son nəticədə xayaların funksiyasının xeyli dərəcədə pozulmasına və sonsuzluğa səbəb ola bilər. Məhz buna görə uşaqlara epidemik parotitə qarşı vaxtında müayinə, müalicə və peyvənd edilməsi tövsiyə olunur. Fərqi yoxdur, oğlan və ya qız, valideynlər uşaqlarının sağlamlığı üçün onları elə uşaq vaxtında həkimə aparmalıdırlar ki, sonradan peşmançılıq yaşanmasın”.

Sevinc

0