Məktəblərdəki psixoloq çatışmazlığını necə aradan qaldırmaq olar? - RƏY

ÖLKƏ
16:08 / 19.12.2023
554

"Məktəb psixoloqlarının çatışmazlığı hər il üzləşdiyimiz problemdir".

Bu sözləri HİT.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi deyib.

O bildirib ki, hal-hazırda ölkəmizdə 4200-dən çox dövlət müəssisəsi var:

"Bunlardan da yalnız paytaxtda və şəhər mərkəzində olan məktəblərdə psixoloqları yerində tapa bilərik. Amma təəssüflər olsun ki, bölgələrə açıldıqca görürük ki, ya psixoloq ştatı var, psixoloq yoxdur, ya da ştatda olan şəxs psixoloq deyil" . 

Ekspert bu problemin həlli üçün atılacaq addımlardan da danışıb:

"Bunun aradan qaldırılması üçün psixologiya ixtisasında təhsil almış bakalavrları müvafiq müsabiqə əsasında işə cəlb etmək vacibdir. Eyni zamanda, psixoloqların əməkhaqlarını da nəzərə almaq lazımdır ki, bu istiqamətdə işləmək istəyənlər olsun".

340213

Elçin Əfəndi vurğulayıb ki, illərdir hər il ali təhsil müəssisələrinin müvafiq olaraq psixologiya ixtisasını bitirən nə qədər məzun kadr olaraq əmək bazarına buraxılır:

"Amma onların çox az hissəsi məktəblərdə psixoloq kimi çalışır. Digərləri isə ya özəl istiqamətə gedirlər, ya da fərqli ixtisasa yiyələnirlər. Yalnız təsadüfi halda kimlərsə məktəb psixoloqu olmağı seçir.

Həmçinin, təhsildə sosial-psixoloji xidmət ixtisası da var. Təbii ki, bu ixtisası bitirən kadrlar da həm psixoloji, həm də sosioloji xidmət göstərə bilərlər. Düşünürəm ki, təhsildə sosial-psixoloji xidmət və psixologiya ixtisası üzrə təhsil almış kadrları işlə təminatı baxımından onları həvəsləndirmə tədbirləri həyata keçirməliyik. 

Bununla yanaşı, onların əməkhaqlarını da müəyyən qədər artırmaq olar. Müvafiq müsabiqə əsasında onları işlə təmin etməliyik. Belə olduğu halda, məktəblərdəki psixoloq çatışmazlığını tam olmasa da, müəyyən dərəcədə aradan qaldıra bilərik".

Pərviz

0