Ölkənin ümumtəhsil məktəblərində təhsil alan şagirdlər arasında mobil telefondan istifadə edənlərin sayı artmaqdadır. İstər ibtidai, istərsə də yuxarı siniflərdə təhsil alan uşaqların çoxunun əlində telefon var.
Bəzi valideynlər övladlarından istədikləri vaxt xəbər ala bilmək üçün onların məktəbə telefon aparmalı olduğunu düşünürlər. Ancaq ekspertlər isə fərqli düşünür.
Təhsil üzrə ekspert Elçin Əfəndi Hit.az-a şərhində bildirib ki, şagirdlərin məktəbə telefonla getmələri düzgün deyil:
“Məktəblilər telefondan istifadə edirlərsə, bu, onların təhsildən yayınma hallarına gətirib çıxarır. Nəticədə təhsildə keyfiyyət göstəricilərinin aşağı düşməsi ilə bağlı hallar çoxalır. Valideynlər övladları ilə əlaqə saxlamaq istəyirlərsə, smartfon tipli deyil, sadə telefon almaqları daha məqsədəuyğundur. Orta məktəblərdə telefonlar yığılıb şagirdin təhsil aldığı auditoriyada saxlanılmalı və yalnız dərs bitdikdən sonra qaytarılmalıdır. Məsələn, müəllim hansısa mövzunu izah edir və şagirdə zəng, yaxud mesaj gəlir. Onda şagirdin diqqəti yayınacaq. Belə olduğu halda, şagirdin həmin mövzu üzrə bilik və bacarıqları kamil olmayacaq. Bu baxımdan mobil telefonların şagirdlərdən yığılması lazımdır”.
Ekspertin sözlərinə görə, mobil telefonlar məktəbdəki neqativ halların ictimaiyyətə təqdim edilməməsi üçün yığılırsa, bu, yolverilməzdir:
“Çalışmalıyıq ki, məktəblərdə neqativ hallar yaşanmasın və telefonlar dərsə mane olmamaq səbəbindən yığılsın. Belə olarsa, atılan addımları müsbət dəyərləndirirəm. Ölkəmizdə 1 milyon 600 min şagird təhsil alır və demək olar ki, onların hər biri mobil telefon işlədir. Belə olduğu halda orta məktəblərdə təhsilin yüksək keyfiyyəti barədə danışmaq düzgün deyil”.
Sevinc