Bu gün cəmiyyətin ən başlıca problemlərindən biri də getdikcə daha da artan intiharlardır. Həm də intihar edənlərin əksəriyyəti yeniyetmələr və gənclərdir.
İntiharların günü-gündən artmasının səbəblərini araşdırmaq məqsədi ilə psixoloq Könül İsmayılovaya müraciət etdik. O, Hit.az-a şərhində bildirib ki,insanların intihar etməsinə təsir edən ən dəhşətli iki faktor var. Onlardan biri gələcəyə inamsızlıqdır:
“İnsan bilməlidir ki, onu sabah, bir ildən, beş ildən sonra yaxşı şeylər gözləyir. Ümidi üzüb gələcəkdə onu yaxşı şeylərin gözləmədiyini düşünmək isə intihara səbəb olur. Digər faktor isə insanın özünütəsdiqidir. Hər bir insan doğulandan özünü təsdiq etməyə çalışır. Beşikdəki uşaq da qışqırır ki, mən varam. Mühitdə insanların özünü təstiq etməsi üçün şərait, öhdəsindən gələcəyi işi olmalıdır. Yoxsa dəqiqədəbir cəmiyyət ona sən heç kimsən deyib təsdiq etməyəndə, sözsüz ki, belə hallar çoxalır. Hansı cəmiyyətə ki günü-gündən mənəvi dəyərlərə rəğbət artır və aparıcı rol oynayırsa, orada getdikcə ahəngdar münasibət yaranır. Günü-gündən həssaslaşan, mürəkkəbləşən cəmiyyətin elmi təminatla köməyə ehtiyacı var. Dünyanın hər bir yerində ciddi hazırlanmış elmi mərkəzlər fəaliyyət göstərir”.
Psixoloq onu da bildirib ki, intihar edən insan heç vaxt intihar barədə danışmır, heç vaxt özünü öldürmək barədə plan qurmur. Sadəcə anlıq olaraq insanın beyninə gəlir və insan hər şeyi sonlandırır. Və intihar edən insan intihar etməmişdən öncə öz ətrafına o mesajları ötürür, sadəcə yaxınları mesajları anlamır, dərk etmir:
“İntihar edən insan adətən, "mən həyatımdan bezmişəm, artıq yaşamağın bir mənası yoxdur, heç bir arzum reallaşmır" kimi fikirlərə qapılır. Bundan əlavə, o, gələcəyi artıq düşünmür, planlamır, hər şeydən əlini üzür, motivasiyası çox aşağı olur. Tənhalığa meyillənir. Öz problemlərini yaxınları, dostları ilə paylaşmır. Davamlı olaraq çox həzin, onu ölümə təhrik edən musiqiləri dinləyir. Əslində bu bizə bir mesajdır, sadəcə biz onu başa düşmürük”.
Sevinc