Şagirdlərin belini bükən, qəddini əyən məktəbli çantasının həddindən artıq ağır olması bu gün valideynləri narahat edən ən əsas problemlərdəndir. Məktəblilər də kitab, dəftər dolu ağır çantaları daşıya bilmədiklərindən şikəyətlənirlər.
Əksər hallarda aşağı sinif şagirdlərinin çantasını şagirdlər deyil, valideynlərin daşıdığının şahidi oluruq. Bu isə əlbəttə ki, məktəbli çantalarının ağırlığından irəli gəlir.
Ağırlığı bəzən hətta 10 kiloqramı keçən çantalar tək şagirdlər üçün yox, elə valideynlər üçün də hər gün daşımalı olduqları yükə çevrilir.
Bədənin formalaşması dövründə şagirdlərin bu qədər ağır kitablarla dolu çanta daşımasının onların sağlamlıqlarına ciddi ziyan vurduğunu mütəxəssislər də dəfələrlə vurğulayıblar.
Təhsil eksperti Nadir İsrafilov Hit.az-a açıqlamasında deyib ki, uşaqlar üçün fiziki, zehni və maddi yükə çevrilən iş dəftərləri artıq neçə illərdir, Elm və Təhsil Nazirliyi tərəfindən dərslik komplektindən çıxarılıb.
Bununla belə, bir çox məktəblərdə müəllimlər hələ də valideynləri ləğv olunan, amma nəşriyyatlar tərəfindən hələ də satışa çıxarılan bu iş dəftərlərini valideynlərə məcburi aldırmaqda maraqlıdırlar.
Çantaya hər fənn üzrə iş dəftərlərinin yığılması da onu ağırlaşdıran səbəblərdəndir. Halbuki uşaqlarımızın fiziki və mənəvi sağlamlığının pozulması bizim üçün onların ağırlaşdırılmış tədris yükündən daha ağır yükə çevrilə bilər:
“Son illər tədris prosesində, xüsusən də dərslik sahəsində bir sıra yeniliklər baş verib. Bu yeniliklər, heç şübhəsiz, dərsliklərin məzmun və keyfiyyətinə, formatına müsbət mənada təsir edib. Bir neçə ildir Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanan elektron dərsliklər bu sahədə atılan uğurlu addımlardandır. Şagirdlər biliklərinin artırılması üçün planşetlərdən istifadə edərək, mövzuları daha asan və daha yaddaqalan səviyyədə mənimsəyirlər. Dərslərin internetin köməkliyilə keçirilməsinin də bir sıra üstün cəhətləri var. Misal üçün, mövzuya dair verilən tapşırıqların yerinə yetirilməsində, əlavə maraqlı məlumatların alınmasında, onlayn testlərin yerinə yetirilməsində, onlayn şagird nəzarəti və şagird nailiyyətlərinin qiymətləndirilməsində internetin rolu əvəzsizdir. Heç şübhəsiz, elektron dərsliklərin artırılması və planşetlərin tətbiqinin sürətləndirilməsi məktəbli çantalarını yüngülləşdirər".
Sevinc