Saç əkimi ilə məşğul olanlardan narazılıq: "Pasiyentlər qaydalara riayət etmir"

ÖLKƏ
21:43 / 22.12.2023
514

Bu gün nəinki Azərbaycanda, hətta bütün dünyada ən ciddi problemlərdən biri saç tökülməsi ilə bağlıdır. Bu hal həm qadınlar, həm də kişilər arasında müşahidə olunur. Xüsusən də kişilər keçəlləşmədən ciddi əziyyət çəkirlər.

Çoxlarımız hesab edirik ki, həddindən artıq bahalı şampunlarla, müxtəlif maskalarla saçımızı keçəlləşmədən xilas edə bilərik. Bu gün saç tökülməsini böyük problem hesab edən insanlar müasir tibbin nailiyyətlərindən yararlanaraq saç əkdirirlər. 

Bu gün dünyanın müxtəlif ölkələrində olduğu kimi, Azərbaycanda da saç əkdirənlər kifayət qədərdir. Əvvəllər şou-biznes nümayəndələri, səhnə adamları saç əkdirməyə meyl göstərirdilərsə, indi sadə vətəndaşlar da saç əkdirmək üçün mütəxəssislərə müraciət edirlər.

Məsələ burasındadır ki, bir çox hallarda saç əkimləri müəyyən kabinetlərdə, özəl klinikalarda həyata keçirilir. Sirr deyil ki, bəzən bu işlə təsadüfi adamların da məşğul olduğunu görürük. Belələrinin xidmətindən yararlanmaq sözsüz ki, pasiyentə həm maddi, həm bioloji, həm də psixoloji cəhətdən mənfi təsir göstərir.

Trixoloq-həkim Aynurə Həsənova Hit.az-a şərhində bildirib ki, saç əkiminin həyata keçirilməsi çətin bir prosesdir və burada pasiyentdən də çox şey tələb olunur. Onun sözlərinə görə, o, Azərbaycanda bu sahədə hələ qeyri-peşəkara rast gəlməyib. Xəstələrin şikayətinə gəlincə, mütəxəssis qeyd edib ki, çox zaman pasiyentlər həkimlərin qoyduğu qaydalara riayət etmək istəmirlər. 

O bildirdi ki, saçlar əkildikdən altı həftə sonra tökülür və iki ay sonra yenidən çıxmağa başlayır. Əkilən saçın 50 faizi altı ay ərzində çıxır. Tam inkişaf etməsi üçün ideal zaman 10 aydır. Keçəl insanlarda bəzən proses iki dəfə icra olunur. Orqanizmdən asılı olaraq, saçın çıxması prosesi ləngiyə və ya tezləşə bilər. Elə pasiyent var ki, əkilən saçın yarısı beş aydan sonra çıxır. Bəzilərində isə bu müddət ərzində saçın yalnız 30 faizi çıxır. Amma bu, son nəticələrə təsir etmir. Yəni əkilən saçların hamısı inkişaf edir və tədricən müsbət nəticə əldə olunur. 

Ölkəmizdə bu işlə peşəkarlar məşğul olurlar. Azərbaycanda saç əkimi sahəsində qeyri-peşəkarlara rast gəlməmişəm. Elə adamlar var ki, onlarda olan xəstəlik saç əkilməsinə imkan vermir. Məsələn, hemofiliya xəstələrinə, qanın laxtalanmasında problem yaşayanlara, immun sistemi ilə bağlı keçəlliyi olanlara saç əkimi tətbiq edilə bilməz. Bunu mütəxəssislər tətbiq etmirlər. Odur ki, belə insanlar saç əkimi üçün müraciət etməsinlər. Bilirsiniz, bəzən pasiyentlər həkimin qoyduğu müddəti gözləməyib saçlarının daha tez bir vaxtda çıxmasını istəyirlər. Halbuki, saç əkdirənlərin saçları qoyulan müddət ərzində bitməlidir. Bəzən pasiyentlər saçlarının gec gəlməsindən narahat olduqları üçün narazılıq edirlər. Amma bunun öz müddəti var”.

Sevinc

0