Azərbaycanın həbsdə olan olimpiya çempionundan xəbər var

ÖLKƏ
09:30 / 25.12.2023
351

Azərbaycanın tanınmış güləşçisi, yeniyetmələr arasında olimpiya çempionu, I Avropa Oyunları, Avropa və dünya çempionatının mükafatçısı Elman Muxtarovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Ramin Qaraqurbanlının sədrliyi ilə araşdırılacaq

Məhkəmənin ilkin hazırlıq iclası dekabrın 26-na təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il 6 ay müddətinə azadlıqdan mərhum edilib.

İttiham aktına görə, E.Muxtarov 2022-ci ilin iyul ayının 12-də paytaxtın Nizami rayonu ərazisində yaxın münasibətdə olduğu Günay Əliyevanın (ad, soyad şərtidir) həyat yoldaşı Zamiq Əliyevin (ad, soyad şərtidir) üz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Bundan başqa, o, həmin ilin sentyabr ayının 6-da Z.Əliyevin oğlu Dadaş Əliyevi (ad, soyadı şərtidir) yaşadığı binanın qarşısında izləyib. D.Əliyev evə daxil olan zaman Elman da mənzilə soxulub. Bu zaman Z.Əliyev də evdə olub. İttiham aktına görə, evə basqın edən idmançı Z.Əliyevə yumruq zərbələri endirib, bıçaqla hədələyib. Daha sonra E.Muxtarov evdən 2 min 800 manat pulu götürərək hadisə yerini tərk edib.

Hadisə barədə zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib. E.Muxtarov polis əməkdaşları tərəfindən saxlanılıb və Nizami Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkanı seçilib.

Xatırlatma: E.Muxtarov uzun illər güləş üzrə Azərbaycan yığmasının üzvü olub. 2010-cu ildə Sinqapurda keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında qızıl, 2015-ci ildə Bakıdakı Avropa Oyunlarında bürünc medal qazanıb. O, sonuncu dəfə 2019-cu ildə Qazaxıstanda güləş üzrə dünya çempionatında yarışıb. Daha sonra karyerasını başa vurub.

0