“Stadion işi” ilə bağlı məhkəmədə müttəhimlər üz-üzə gəldi

ÖLKƏ
18:18 / 25.12.2023
430

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının keçmiş sədri Nadir Əliyev və "Yasamal” idman-sağlamlıq klubunun sabiq direktoru Alik Həsənovun məhkəmə prosesi davam etdirilib.

Hit.az xəbər verir ki, dünənki prosesdə Nadir Əliyev sərbəst ifadə verib. 

Onun ifadəsindən belə aydın olub ki, baş verənlərdə əsas təqsirkar Alik Həsənovdur. 

Nadir Əliyev statidonların satılmasından xəbərsiz olduğunu, bütün işləri Alik Həsənovun etdiyini və buna görə də işdən çıxarıldığını iddia edib. 
Vəkillərin suallarından aydın olub ki, Nadir Əliyev ibtidai istintaqda başqa cür ifadə verib. O, bu ziddiyyəti izah edərkən məsuliyyəti zərərçəkmişlərdən birinin vəkili Aslan İsmayılovun və öz vəkilinin üzərinə atıb. 

Nadir Əliyev iddia edib ki, o vəkillərin təsiri ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederesiyasının rəhbəri deputat Səttar Möhbalıyevin adını hallandırıb. 

“Mənə dedilər ki, sən onun adını çəkməsən 10 il “iş” verəcəklər. Mən də buna görə o cür ifadə verdim. Halbuki rəhbərliyin bu işdə heç bir rolu yoxdur”, - deyə o, qeyd edib. 

Nadir Əliyev Alik Həsənovla aralarında stadion satışına dair hər hansı sövdələşmənin olmadığı deyib. 

Lakin zərərçəkənlərin sözlərindən məlum olub ki, onlar bu məsələ ilə bağlı məhz Nadir Əliyevlə görüşüblər. 

Digər tərəfdən, Alik Həsənov Nadir Əliyevlə aralarında alqı-satqı olduğunu bildirib. 

Alik Həsənovun vəkili isə vəsatət qaldıraraq Alik Həsənovla Nadir Əliye arasındakı səs yazısının dinlənilməsini istəyib. Vəsatət baxılmamış saxlanılıb. 

Hakim bildirib ki, növbəti prosesdə Nadir Əliyevin ibtidai istintaqa verdiyi ifadə elan olunacaq. Bundan sonra vəsatət yenidən müzakirə edilə bilər. 

Məhkəmə  8 yanvar 2024-cü ilə təxirə salınıb. 

Anar

0