Son günlərdə ölkəmizdə bəzi xəstəliklərin yayıldığı müşahidə olunur.
Belə ki, qısa zaman öncə koronavirusun yeni ştamı özünü cüzi də olsa göstərdi. Həmçinin, havaların soyuması ilə əlaqədar mövsümü qriplər və xəstəliklər də yayılmağa başladı. Hətta insanlar koronavirusla qripi ayırmaqda çətinlik çəkdilər.
Bütün bunlar qızılca xəstəliyinin yayılması ilə bir qədər geri plana düşsə də, əhalinin təşvişi hələ də qalmaqdadır. Üstəlik, bəzən sosial şəbəkələrdə maska rejiminin yenidən bərpa oluna biləcəyi iddia olunur.
Ümumiyyətlə, Azərbaycanda ictimai nəqliyyatda və iaşə obyektlərində maska tələbi yenidən gündəmə gələ bilər?
İnfeksionist Mərdan Əliyev HİT.az-a açıqlamasında bildirib ki, biz bu mərhələni artıq keçmişik:
"Düşünürəm ki, ictimai nəqliyyatda və iaşə obyektlərində maska taxma məsələsi yenidən gündəmə gəlməyəcək. Çünki bizdə koronavirusla bağlı kollektiv immunitet formalaşıb. Üstəlik, ölkəmizdə koronavirusun yenidən əvvəlki sürətlə yayılma və yoluxma ehtimalı aşağıdır. Ona görə də maska rejiminin təkrarlanacağını gözləmirəm".
Həkim onu da diqqətə çatdırıb ki, maskanın qızılcaya aidiyyəti yoxdur:
"Yəni maska qızılca xəstəliyinin qarşısını almır".
Pərviz