Ana və körpə ölümləri hər zaman aktual mövzulardan biridir. Doğuş zamanı yaranan xoşagəlməz hallarda adətən həkim səhlənkarlığını əsas gətirirlər.
Lakin hamiləlik dövründə lazımlı müayinələrdən keçməmək də ana və körpə ölümlərinin əsas səbəbi kimi göstərilir. Doğuş zamanı növbəti ana ölümü İsmayıllı rayonunda qeydə alınıb.
Dekabrın 24-də saat 10 radələrində İsmayıllı rayon sakini, 1992-ci il təvəllüdlü Ülviyyə Əhmədovanın xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla müəyyən edilib ki, Ülviyyə Əhmədova bir gün öncə keysəriyyə əməliyyatı olunub.
Cərrah mama-ginekoloq Qumral Əsədova Hit.az-a şərhində bildirib ki, ana ölümləri bütün dünya səhiyyəsi üçün yaxşı hal deyil:
"Hamiləlik dövründə müayinələrdən vaxtlı-vaxtında keçilmədiyi üçün döldə müəyyən qüsurlar olur. Nəticədə körpə doğuş zamanı ölür. Düzdür, uşaq ölümü də çox təəssüfləndirici haldır. Amma hamiləlik zamanı lazımi müayinələrin keçirilməsi körpənin ölüm riskini aşağı salır. Təbii ki, uşaq ölümü olmamalıdır. Amma bütün dünyada körpə ölümlərinə rastlanır. Bəzən ana zamanında müayinələrdən keçsə belə, döldə hansısa qüsur olduğunu öyrənir. Buna baxmayaraq, nə olur-olsun övladını dünyaya gətirmək istəyir. Hamilə qadın keysəriyyə kəsiyinə alınsa belə, əməliyyatdan sonra kəsiyin yan təsirlərinə nəzarət edilməlidir. Onu da deyim ki, bütün əməliyyatlarda risk var. Amma ana sağlamdırsa və ölərsə yenə təkrar edirəm ki, bu ciddi yoxlanılacaq faktdır. Həkimlər bu ölümü ciddi əsaslandırmalıdır".
Sevinc