Bir çox mağazalarda saxta endirimlərə rast gəlirik.
Yəni hansısa məhsulun üzərində qiymətinə 20-50% arası endirim edildiyi qeyd olunur. Həmçinin, qiymətlərlə bağlı da manipulyasiya olunduğunu görürük. Belə ki, əksər vaxtlarda qiymətlər tam deyil, qəpiklə yazılır. Məsələn, 14,99 qəpik və ya 19,95 qəpik kimi nümunələrə mağazaların böyük əksəriyyətində rast gələ bilirik.
Mağaza sahibləri bu addımı insan psixologiyasına təsir etmək üçün atdıqlarını deyirlər. Əslində alıcılar da bunu bilirlər, amma hər dəfə bu yalana inanırlar.
Maraqlıdır, insanlar qiymətlərlə bağlı belə saxta göstəricilərə nə üçün inanırlar? Bu, insan psixologiyasına necə təsir edir ki?
EDA Terapiya Psixologiya Mərkəzinin psixoloqu Ayşən Bayramova HİT.az-a açıqlamasında bildirib ki, müştərilərə təsir edəcək rəqəmin ilk pillədə dayanan rəqəm olduğu düşünülür:
"Məsələn, müştərilər ilk baxışda 69 ilə 71 arasında 67 ilə 65 arasındakından daha çox fərq olduğunu düşünürlər. Soldan sağa doğru oxuma və riyazi cəhətdən ilk pillədə dayanan rəqəm daha müəyyənedici olduğu üçün qavrama prosesinn xüsusiyyətlərinə əsasən, ilkin qavranılan rəqəm məhz həmin rəqəm olur. Bu səbəblə, qiymətlər yuvarlaq rəqəm şəklində deyil, az fərqlə daha aşağı şəkildə göstərilir.
Buradakı məqsəd müştərilərin məhsul qiymətini daha ucuz şəkildə qavramasını təşkil etmək və satın almaq motivasiyasını yüksəltməkdir. Çünki alıcılar çox zaman yuvarlaqlaşdırma etmədən qavradıqları üçün 19,99 kimi qiymətləri “sərfəli” kimi qavrayırlar".
Psixoloq qeyd edib ki, müştəriləri cəlb etməyin digər bir üsulu olan “endirim günləri” isə “qiymətlər yenidən yüksəlmədən” almağa təşviq edən, satışları artırmağa yönəlmiş bir strategiyadır:
"Bu strategiya müştərilərdə tələsməsi lazım olduğu, almadıqda nələrisə əldən qaçırdığı düşüncəsinidə yaratmaqdadır. Çünki çox uyğun qiymətə məhsul almaq insanların arzuladığı bir haldır. Bu düşüncələrin yarınması halı isə artıq potensial alıcılar üçün çox güclü tətikləyicilərdir.
Ümumiyyətlə, markalar məhsullarını satarkən gözəllik, güc, gənclik və xoşbəxtlik kimi vədlər edərlər. Endirim günləri isə bu kimi şeylərə “daha asan yoldan çatmaq” mesajını ötürür".
Müsahibimiz vurğulayıb ki, arxa-arxaya və davamlı edilən endirimlər isə müştərilərin gözündə güvən itkisinə səbəb olur:
"Ona görə də əvvəlcədən planlanmış, elan edilmiş və məhdud müddətli endirimlər mütləq şəkildə alış-veriş etməyə təşviq etməkdədir. Endirimləri qaçırmaq isə sözsüz ki, müştərilər üçün neqativ vəziyyətdir".
Pərviz