İl ərzində ölkəmizdə müxtəlif bayramlar qeyd olunur. Bayramların əsas atributlarından biri də gözəl süfrələrdir. Günümüzün reallığında süfrələrin gözəl olması ilə yanaşı, sağlamlığa zərər verməməsi də əhəmiyyət daşıyır.
Dietoloq Aynurə Rüstəmov Hit.az-a şərhində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində yeməkləri hazırlayarkən nələri nəzərdən qaçırmamağın faydalı olmasına aydınlıq gətirib.
Onun sözlərinə görə, süfrənin bəzədilməsi prosesi marketlərdən başlayır:
"Bu xüsusda hansısa bir malı alarkən üzərində hədiyyə kimi təqdim olunan məhsullara diqqət yetirilməlidir. Yəni bazarlıq zamanı ilk növbədə məhsulların istehsal və son istifadə tarixlərinə baxmaq lazımdır. Çünki zəhərlənmə, mədə-bağırsaq pozulmaları baş verə bilər. Yeni ildən sonra ishal, müxtəlif problemlərlə qarşılaşmamaq üçün məhsulun təzəliyinə, keyfiyyətinə, yeməklərin və salatların hazırlanmasına diqqət etmək vacibdir. Biz azərbaycanlılar süfrədə iki-üç növ salat, balıq, toyuq, aş, kabab və s. olmasını xoşlayırıq. Süfrənin bol çeşiddə bəzədilməsinə mənfi baxmıram. Amma bu bolluq insan orqanizmi üçün zərərli deyil, faydalı olmalıdır. Yəni süfrədəki qidaları qəbul edən şəxslərdə sonradan baş ağrıları, ürəkbulanmasına gətirib çıxarmamalıdır. Ona görə də süfrədəki yeməklərin hər birindən dadmaq istəyən insanlara kifayət qədər az qidalanmalarını tövsiyə edirəm. Çünki salatların, xörəklərin ardından şirniyyatlar, tortlar da qəbul olunur. Onu da deyim ki, hazırda insanların əsasən arıqlamaq istədiklərini nəzərə alsaq, mayonezsiz salatlara üstünlük verməliyik. Belə ki, çox gözəl tərəvəz salatlarımız var və onları mayonezsiz də hazırlamaq mümkündür. Ümumiyyətlə, yağlı yeməklərdən kənar durmaq və sobada hazırlanan yeməklərə üstünlük vermək lazımdır. Qazlı içkilərin qəbulunu da məsləhət görməzdim. Daha çox təbii üsulla hazırlanmış kompotlara üstünlük verilməsi yaxşıdır. Əgər yeməkdən sonra çay içiləcəksə, limon salınması daha faydalı olar".
Sevinc