Bu il əvvəlki illərə nisbətən ölkəmizdə yağıntıların daha az olduğunu müşahidə edirik.
Hətta qış fəslinin ilk ayının son günlərini yaşasaq da, paytaxt ərazisində qar yağmadı. Həmçinin, yağışın da bir qədər az yağdığını deyə bilərik.
Belə olan halda sual yaranır: Azərbaycanda yağıntıların miqdarı normanı keçməyib?
“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli HİT.az-a açıqlamasında bildirib ki, Azərbaycan quru subtropik qurşaqda yerləşir:
"Quru subtropik qurşaqda isə yağıntılar az olur. Amma ölkəmiz Böyük və Kiçik Qafqazda yerləşdiyinə görə yüksək dağlıq və dağətəyi ərazilərində kifayət qədər yağıntılar yağır. Məsələn, Lerik, Masallı və Lənkəran qismən də olsa yağışlı, subtropik zona olduğuna görə orada nəmişlik yüksəkdir. Həmçinin, orada yağıntılarımız kifayət qədər çoxdur.
Kür-Araz ovalığı, habelə Bakı və Abşeron yarımadası isə heç vaxt yağıntıya meyilli ərazilər olmayıb. Bakı və Abşeron yarımadasında qış həmişə mülayim keçib. Yetəri qədər yağış yağıb, hətta bəzən normanın da üstündə olub".
Həmsöhbətimiz qeyd edib ki, bəzən yağış buraya aylıq və illik normadan yuxarı yağıb:
"Payız fəslində düşən yağışlar, eləcə də bəzi dağlıq və dağətəyi rayonlarda düşən qar da onu göstərir ki, bu il ötən ildən daha çox yağıntı ola bilər. Lakin bunun illik normaya çatacağı və ya onu keçəcəyini demək bir qədər çətindir".
Pərviz