Oğlanlar I və II, qızlar III və IV qruplara üz tutur: Səbəb nədir?

ÖLKƏ
23:03 / 30.12.2023
407

Son illərin statistik göstəricilərinə əsasən demək olar ki, Azərbaycanda oğlan uşaqları ali məktəbə daxil olmaq üçün əsasən I və II ixtisas qruplarına, qızlar isə III və IV ixtisas qruplarına üstünlük verirlər. 

Maraqlıdır, görəsən ixtisas seçimində oğlanlarla xanımlar arasında yaranan bu fərq nədən yaranır?

Valyuta.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədovun fikrincə, oğlan və qızlar arasında ixtisas qrupları üzrə seçimə təsir edən amil mental dəyərlərimizlə əlaqədardır:

"Azərbaycanda ali məktəblərə qəbul olunmaq istəyən oğlan abituriyentlər əsasən riyaziyyat və mühəndislik ixtisasları qrupuna, qız abituriyentlər isə humanitar və pedaqoji ixtisaslar qrupuna daha çox üstünlük verir. Əvvəlki illərdə olduğu kimi, 2023-cü ildə də oğlan abituriyentinin istəyi daha çox I və II ixtisas qruplarına olub. Azərbaycan bölməsində oğlanların 74.24 faizinin, rus bölməsində isə 77.34 faizinin istəyi bu iki ixtisas qrupuna yönəlib. Bu rəqəmlər oğlan abituriyentlərin texniki, iqtisad və idarəetmə ixtisaslarına marağının yüksək olduğunun göstəricisidir. 

Qız abituriyentlərin isə humanitar ixtisaslardan ibarət III ixtisas qrupuna marağı daha yüksəkdir. IV ixtisas qrupunda da qızların ixtisas maraqları oğlanların maraqlarından 2.62-3.03 dəfə yüksəkdir. 

I və II ixtisas qrupu üzrə əmək bazarında əsasən kişi cinsin nümayəndələri çalışır. III və IV ixtisas qrupunda əmək bazarında çalışanların böyük əksəriyyətini isə qadınlar təşkil edir. Məhz bu amillər ixtisas seçimi zamanı oğlanlarla qızlar arasında faiz nisbətində yaranan fərqlərə təsir edir”. 

0