Dəm qazından qorumaq üçün nə etməliyik? - Mütəxəssis DANIŞDI

ÖLKƏ
16:15 / 07.01.2024
444

"Havalar soyuduqca qaz cihazlarına olan tələbat artmağa başlayır".

Bu sözləri təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək lazımdır:

"Standartlara cavab verən və sertifikatı olan qaz cihazları almaq çox önəmlidir. Həmçinin, sözügedən cihazların quraşdırılması da mütləq şəkildə peşəkar ustalar tərəfindən həyata keçirilməlidir. Təəssüflər olsun ki, insanların qaz cihazlarını özlərinin quraşdırması daha sonralar müəyyən problemlərə gətirib çıxarır. Ona görə də qaz cihazlarının quraşdırılması və ona texniki qulluğun həyata keçirilməsi yalnız mütəxəssislərə həvalə olunmalıdır. Bundan əlavə, qaz cihazı yerləşdirilən otaqda mütləq şəkildə havalandırma qurğusu olmalıdır. Otağın kvadratının da qaz cihazının işləmə prinsipinə uyğun olması labüddür. 

Ümumiyyətlə, qaz xətti hansı otaqdadırsa, qaz cihazı da həmin otaqda olmalıdır. Əfsuslar olsun ki, bəzən qaz cihazı müəyyən vasitələrlə digər otaqlara aparılır. Lakin qaz sobası olan otaqda havalandırmanın və tüstü bacasının olmaması yolverilməzdir. Tüstü bacaları da ildə minimum 2 dəfə təmizlənməlidir".

341307

Ekspert qeyd edib ki, qaz cihazı olan otaqda dəm qazı və qaz sızmazı əleyhinə dedektor olmalıdır: 

"Sözügedən dedektorlar qaz sızması olan kimi qazı söndürür. Yəni bu cihazlar insanların həyatını qoruyur. Lakin təəssüf ki, bəzən insanlar buna qeyri-ciddi yanaşırlar. 

Ümumiyyətlə, dəm qazı əsasən qaz təchizatı olan otaqlarda əmələ gəlir. Məsələn, vanna otağında qaz cihazının olmaması tövsiyə olunur. Əgər varsa, otağın pəncərəsi və ya havalandırma yeri daim açıq olmalıdır. Yəni qaz cihazının olması təhlükənin də mövcud olduğu mənasına gəlir. Bu səbəbdən də mütləq şəkildə önləyici tədbirlər almaq lazımdır. 

Unutmayın, tüstü bacası təmizlənmədikdə və ora yad cisim düşəndə yanma prosesi düzgün getmir. Yanma prosesi düzgün getmədiksə isə dəm qazı əmələ gəlir. Bu məsələyə daha ciddi yanaşılmalı olduğunu düşünürəm. Təhlükəsizlik qaydalarına riayət etməklə dəm qazının qurbanına çevrilməkdən müəyyən dərəcədə sığortalanmaq mümkündür".

Pərviz

0