Məlum olduğu kimi, Azərbaycanda halal kosmetika məhsullarının istehsalına dair yeni dövlət standartı qəbul edilib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS OIC/SMIIC 4:2023 “Halal Kosmetika - Ümumi Tələblər" dövlət standartı qəbul edilib.
Standart layihəsi İslam dininin qaydaları əsasında halal kosmetika sənayesi tərəfindən kosmetik təchizat zəncirinin hər bir mərhələsində yerinə yetirilməli olan əsas tələbləri, o cümlədən qəbulu, hazırlanması, istehsalı, saxlanması, qablaşdırılması, etiketlənməsi, nəzarəti, daşınması və paylanmasını müəyyən edir.
Eyni zamanda, standart halal kosmetik vasitələrdən istifadə edən xidmət sahələrini əhatə edəcək. Bu standart ölçüsündən və mürəkkəbliyindən asılı olmayaraq bütün kosmetika kateqoriyalarına və bütün növ müəssisələrə şamil edilir.
Maraqlıdır, kosmetikanı halal və ya haram olaraq təsnifatlandırmaq nə dərəcədə düzgündür?
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Hit.az-a şərhində bildirib ki, "halal" adı ilə kosmetika, restoran, otel ola bilər. Bu normaldır:
"Məlumat üçün deyim ki, bir ildə dünya əhalisi "Halal" qida mallarına 3 trilyon vəsait xərcləyib. Hətta xristian ölkələri belə "Halal" məhsullarını ekoloji baxımdan təmiz hesab edir. Kosmetik məhsul hazırlanarkən, stifadə olunan inqredientlərin tərkibinin halal olması xüsusi önəm daşıyır. Həmin məhsulların tərkibinə bəzən donuz yağı, donuz piyi əlavə olunur. Danılmaz faktdır ki, kosmetik məhsul hazırlanarkən bu tip qatqılardan istifadə olunur. İstifadə olunmazsa, o zaman həmin məhsullar "halal" hesab edilməz. Ancaq hazırlanan məhsulların tərkibinə hansı inqredientlərin vurulmasını izləmək heç də asan deyil. Bu işdə məsuliyyət sahibkarların üzərinə düşür. Ümumiyyətlə, kosmetika ilə bağlı belə bir standartın olması vacibdir. Azərbaycan "halal" kosmetik məhsullar istehsal edib, xaricə ixrac edə bilər. Bu, iqtisadi baxımdan olduqca əhəmiyyətlidir".
Sevinc