Məlumdur ki, Bakının mərkəzi hissəsinin hüdudlarının birbaşa yaxınlığında yaşıl universitet şəhərciyinin yaradılması nəzərdə tutulur. Bu barədə məlumat Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Maraqlıdır, bu şəhərcik tələbələrə intelektual cəhətdən inkişafına nə kimi töhvələr verə bilər?
Təhsil eksperti Kamran Əsədov Hit.az-a şərhində bildirib ki, ölkə səviyyəsində universitetin missiyası biliklərin yaradılması, saxlanılması və yayılması yolu ilə cəmiyyət və şəxsiyyətin inkişafına, zənginləşməsinə nail olmaqdır. Region səviyyəsində isə universitetin missiyası regionun inkişafına dəstək vermək, regionun sosial-iqtisadi və mədəni inkişafına təkan verən xidmətlər təqdim etməkdir. Universitetin hansı xidmətlər təklif etməsindən asılı olaraq, regionun gələcək inkişaf vektoru müəyyən edilə bilər:
"Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyasında kampusların yaradılmasının təşviqi ayrıca yer almışdırsa, deməli bu mövzu təhsil səviyyəsinin yüksəlməsində həqiqətən də çox önəmli mahiyyət daşıyır. Ali təhsil ocaqlarının kampuslara malik olması bölgələrdən və xarici dövlətlərdən təhsil almağa gələn tələbələrin harada məskunlaşacağı problemini avtomatik həll edir. Nəticədə tələbə qızıldan qiymətli olan təhsil illərini məişət problemlərinin həllinə sərf etməkdən azad olur. Tələbəyə lazım olan hər bir sahəni özündə birləşdirən kampusun özəyini tədris korpusları təşkil edir. Dünya standartlarına uyğun gələn, müasir tələblərə cavab verən kampuslara malik ali təhsil müəssisəsində oxumaq bu günün tələbəsinin başlıca arzusudur. Kampusu tələbə şəhərciyindən fərqləndirən cəhət, onun əhatə dairəsinin çoxşaxəli və çoxçeşidli olmasıdır. Müasir kampusda elektron kitabxanalar, elmi laboratoriyalar, kompüter mərkəzləri, tələbələrin idman növləri ilə məşğul olması üçün klublar, stadionlar, üzgüçülük hovuzları, dərnəklər, tibb məntəqələri, alış-veriş mərkəzləri, poçt və s. fəaliyyət göstərir".
Sevinc