Ölkəmizdə magistraturaya marağın çox yüksək olmadığı müşahidə olunur.
Nəzərə almaq lazımdır ki, bir çox tələbə universiteti bitirdikdən sonra magistratura oxumağa maraq göstərmir. Məzunların əksəriyyəti təhsilini davam etdirmək əvəzinə işləməyə üstünlük verirlər.
Bəs bunun səbəbi nədir?
Təhsil eksperti Cahid İmanlı Hit.az-a açıqlamasında bildirib ki, magistr təhsili dünya təhsil sistemində çox əhəmiyyətli yerə sahibdir:
"Çünki magistr təhsili hansısa bir ixtisasın daha spesifik bir sahəsi üzrə ixtisaslaşma deməkdir. Bu pilləni bitirən bakalavrlar isə rahat iş tapmalıdırlar. Daha doğrusu, artıq təhsil aldığı müddətdə işləyəcəyi müəssiədə faktiki olaraq işlə təmin edilməli və orada nəzəri biliklərini praktiki biliklərlə tamamlamalıdırlar. Bu dünya praktikasında da eynən belədir".
Lakin həmsöhbətimiz təəssüflə qeyd edib ki, hazırda Azərbaycanda magistratura təhsilinin statusu önəmli dərəcədə deyil:
"Bu pilləni bitirənlər fəlsəfə doktoru almaq üçün yenidən imtahan verməli və elmi işçi adı almalıdırlar. Başqa sözlə, bizdə magistr təhsili elmi status vermir, yalnız keçid sistemi daşıyır. Həmçinin, bəzi dövlət qurumlarını çıxmaq şərti ilə hansısa işə qəbul zamanı magistr adı və diplomu namizədə heç bir ciddi üstünlük vermir".
Cahid İmanlı qeyd edib ki, magistr təhsili üçün peşəkar kadrlar və tədris bazasının olmaması da magistraturaya marağı azaldır:
"Buna görə də bütün sahələrdə daha çox xaricdə magistr təhsili alanlar üstünlük verilir".
Pərviz