2023-cü ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 103367 doğulan körpə qeydə alınıb.
Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq ,12,2-dən 11,1-ə düşüb.
Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub. Doğulanlardan 3134-ü əkiz, 135-i üçəm, 4-ü isə dördəm olub. Statistikadan bəllidir ki, yenidoğulmuşların yarıdan çoxu oğlanlardır.
Qız uşaqlarının sayı niyə azalır?
Ginekoloq həkim Qumru Mustafayeva Hit.az-a şərhində bildirib ki, qız uşaqlarının dünyaya gətirilməsinə meyilliliyin azalması cəmiyyətdə onlara qarşı münasibətin birmənalı olmaması ilə əlaqədardır:
"Çox valideyn dölün cinsiyyətinin qız olduğunu bilən kimi onu abort edir. Dölün cinsiyyəti yalnız 12 həftəliyinə yaxın müddətdə bilinir. Bəzən elə olur ki, dölün cinsiyyətini heç 12 həftəliyində də müəyyən etmək olmur. 13-14 həftədə dəqiq bilinir. Elə xanımlar var ki, hansı həftəsində olmağından asılı olmayaraq, dölün cinsiyyətinin qız olduğunu biləndə onu tələf etdirir. Qadınların böyük əksəriyyəti bu addımı həyat yoldaşının təkidi ilə atır. Həyat yoldaşı məcbur edir ki, qadın abort etdirsin. İndi əksər ailələr üçün ailədə ikinci, üçüncü uşağn qız olması arzuolunan deyil. Bunun da səbəbi maddi vəziyyətin aşağı olması ilə bağlıdır".
Sevinc