Məlumdur ki, apteklərdən elektron reseptsiz dərman əldə etmək mümkün olmayacaq.
Bunu müsahibəsində Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin şöbə müdiri Kəbutər Mövsümlü bildirib.
Həkim ekspert Pərvanə Mustafayeva Hit.az-a bildirib ki, elektron reseptlər xəstələnmə və ölüm hallarının siyahısını hazırlamaq, dəqiq statistik məlumatlar vermək və o cümlədən ölkədəki vəziyyəti dəyərləndirmək baxımından çox vacibdir. Dünyanın hər yerində xəstəliklərin dinamikası elektron reyestrdə qeydə alınır və izlənir. Məhz bunun vasitəsilə hər hansı bir xəstəliklə bağlı dəqiq statistika çıxarılır. Bu gün biz ölkəmizdə hansı xəstəlikdən nə qədər xəstənin əziyyət çəkdiyini, yaxud əməliyyat olunduğunu dəqiq bilmirik:
“Bəzən elə olur ki, apteklərdə xəstəyə lazım olan dərman olmadığı üçün həmin dərmanın yerinə tərkibi oxşar olan, başqa bir dərman verilir. Bəzən isə aptekdə işləyənlər resepti oxuyarkən yanlışlığa yol verir və xəstəyə tamamilə fərqli bir dərman verir. Bu, ən çox və tez-tez rastlaşdığımız hallardan biridir. Buna səbəb isə xətt anlaşılmazlığı, bəzən bir hərf səhvi olur. Elektron reseptlər ilk növbədə bunun qarşısının alınmasına yardımçı olacaq. Digər tərəfdən isə, elektron resept şəxsi məlumat kitabçasında qalır. Yəni bir problem olduğu təqdirdə elektron reseptlər sübut olaraq əlimizdə olur”.
Sevinc