Ali təhsil müəssisələrində təhsil haqları artsa da, təhsilin keyfiyyəti dəyişmir

ÖLKƏ
18:05 / 29.01.2024
364

Azərbaycanın əksər dövlət və özəl universitetlərində təhsil haqları ilbəil artırılır.

Elə fakültələr var ki, orada təhsil haqqı bir neçə il öncəyə nisbətdə 30-40, hətta 50 faiz artım müşahidə olunur.

Bəs universitetləri təhsil haqlarını bu qədər artırmağa nə vadar edir? 

Təhsil üzrə ekspert Kamran Əsədov Hit.az-a açıqlamasında bildirib ki, ölkəmizdəki ali məktəblərdəki təhsil haqları reallığı əks etdirmir.

Onun sözlərinə görə, dünya təcrübəsində təhsil haqqı müəyyənləşən zaman ali təhsil müəssisəsinin xərcləri hesablanır:

"Bir maliyyə ili ərzində ali təhsil müəssisəsinin xərcləri müəyyən olunur. Azərbaycanda isə təhsil haqları reallığa əsaslanaraq, müəyyənləşmir. Ali təhsil müəssisələrimiz əmək bazarına uyğun kadr hazırlamır. Müəllimlər bu gün müəllimlərin işə qəbul imtahanında iştirak etmək üçün hazırlığa gedirlər. Əgər ali təhsil müəssisələri keyfiyyətli təhsil versəydi, müəllimlər müəllim işləmək üçün hazırlığa getməzdilər. Deməli ali təhsil müəssisələri aldıqları pulun müqabilində kadr hazırlaya bilmir. Hər il Azərbaycanda ali təhsil müəssisələrinin 6 min plan yeri boş qalır. Bu yerlər təhsil haqqı 5 min olsa da boş qalacaq, 1000 manat olsa da. Çünki abituriyent sayı ilə plan yeri sayı mütənasib deyil. Təhsil haqqı dünyada təhsilin keyfiyyətinə təsir göstərir. Azərbaycanda isə ödənişsiz əsaslarla təhsil alan da eyni dərsi keçir, ödənişli əsaslarla təhsil alanlar da. Sadəcə birinin pulunu dövlət, o birinin pulunu vətəndaş ödəyir”.

Sevinc

0