D vitamininin sümük quruluşunun inkişafında xüsusi rolu var. Körpələr və 5 yaşına kimi uşaqlar üçün D vitamini ayrı bir əhəmiyyət daşıyır.
Vitamin qanda mineralların, kalsiumun, fosforun səviyyəsini artırır və onların sümük toxumalarına ötürülməsini təmin edir. Bu vitaminin çatışmazlığı isə uşaqlarda raxit xəstəliyinin yaranmasına səbəb olur.
Həkim-pediatr Mətanət Əliyeva Hit.az-a şərhində bildirib ki, raxit xəstəliyinin əmələ gəlməsində əsas etiol amil südəmər uşağın D vitamininə olan gündəlik tələbatının ödənilməməsidir. Bu tələbat uşağın yaşından, qulluqdan, qidalanma növündən, günəş şüalarından, mövsümdən, iqlimdən asılı olaraq müxtəlif olur. Yaxşı inkişaf edən, ana südü ilə qidalanan, düzgün qulluq olunan uşaqların D vitamininə tələbatı gündəlik olaraq 100-400, yarımçıq doğulmuşların 800-2000 BV, süni qidalananlarınki isə 1000 BV-dir:
“Ancaq tez-tez xəstələnən, tez boy atan, müxtəlif mədə-bağırsaq pozğunluqları olan, tünd dərili uşaqların D vitamininə olan tələbatı çoxdur. Raxitin patalogiyasını bilmək üçün birinci növbədə orqanizmdə D vitamini mübadiləsini bilmək lazımdır. D vitamini orqanizmə iki yolla daxil olur. Ultrabənövşəyi şüaların təsirindən əmələ gələn endogen D3 provitamini. Qida ilə daxil olan D2 və ya D3 vitamini. D vitamininin diş və sümüklərin inkişafında rolu çox böyükdür. Bu vitamin sümükləri qüvvətləndirir və möhkəmləndirir, normal böyüməsini, minerallaşmasını təmin edir”.
Sevinc