Son günlərdə qızılcaya yoluxma artıq pik həddə çatıb.
Ətrafımızdakı ailələrin əksəriyyətində bu xəstəliyə tutulan insanlara rast gəlirik. Əvvəllər uşaqların daha çox yoluxduğu qızılcaya artıq böyüklərin də yoluxduğu diqqət çəkir. Üstəlik, qızılcaya yoluxanların çoxunun xəstəliyi ağır keçirdiyi müşahidə olunur. Ölüm sayının artması da bilavasitə bununla bağlıdır.
Yoluxma və ölüm sayının artması isə bunun qarşısının alınması üçün müəyyən addımların atılmasını gündəmə gətirir. Xüsusilə koronavirus pandemiyasında olduğu kimi qapanmalara gedilə biləcəyi ehtimal olunur.
Ümumiyyətlə, qızılca qapanmalara gətirib çıxara bilər?
Mövzu ilə bağlı Hit.az-a açıqlama verən infeksionist Ləman Qalimova deyib ki, qızılca xəstəliyi ilə bağlı müraciətlər hədsiz dərəcədə çoxdur:
"Bunun da səbəbi qızılcaya qarşı peyvənd olunanların sayının çox az olmasıdır. Əgər kimsə peyvənd vurdurmayıb və ya qızılcaya yoluxan şəxslə kontaktda olubsa mütləq şəkildə infeksionistlə məsləhətləşməlidir. Ona uyğun şəkildə profilaktik tədbirlər görülməlidir ki, yoluxmaların sayı da artmasın".
O vurğulayıb ki, yoluxmaların qarşısını almaq üçün qapanmalara gedilə bilər:
"Təbii ki, peyvənd olunanların sayı az, yoluxanların sayı isə çox olarsa, bunun qapanma ilə qarşısı alına bilər. Çünki kontakt olmasa, yoluxma da az ola bilər. Bu halların yaşanmaması üçün isə mütləq şəkildə vaksinasiya prosesində iştirak etmək lazımdır".
Pərviz