Uşaqlarda qəbizlik hallarına tez-tez rast gəlinir. Bu isə onlarda müəyyən problemlərə, narahatlıqlara səbəb olur.
Pediatr Mətanət Əliyeva Hit.az-a bildirib ki, uşaqlarda qəbizlik anaların qorxduğu bir haldır:
"Nədənsə valideynlərin çoxu uşağın qəbiz olmasından qorxur. Kimisi uşağı tez-tez imalə etmək məcburiyyətində qalır, hər dəfəsində çöplə bağırsağı qıcıqlandırır, yaxud şam qoyur. Bu kimi invaziv müdaxilələr uşağın və ananın psixologiyasını pozur. Qəbizlikdən əziyyət çəkən uşaq hər defekasiyadan əvvəl həyəcan keçirir, ağrı qorxusu səbəbilə defekasiyanı ləngidir, bağırsaqda qalan nəcisin suyu sorularaq kal kütləsi daha da bərkiyir və beləlikl,ə qüsurlu dövran yaranır, vəziyyət daha da ağır hala gəlir.
Ümumiyyətlə, uşaqlarda qəbizliyi yaradan səbəblər çoxdur. 95 faiz hallarda bu funksionaldır, yəni elə bir səbəbi yoxdur. Çünki süni qidaya keçəndə, əlavə qidaya başlayanda, inək südü, tualetə alışdırıldığı zamanlarda bu hallarla sıx rastlaşılır. Çox az hallarda anadangəlmə bağırsaq anomaliyası - Hirşprung xəstəliyi, megakolon, kistik fibroz və s-dir".
Sevinc