Soyuq qış günlərində ürək xəstəliyindən əziyyət çəkənlərin sayı artır. Azərbaycan ürək-damar xəstəlikləri ilə bağlı dünya statistikasında, təəssüf ki, ikinci yerdə qərarlaşır. Cənubi Koreya, Yaponiya, Sinqapur, İsrail, Fransa kimi ölkələr isə siyahıda ən son yerlərdədir.
Mütəxəssislər bildirirlər ki, ürək xəstəliklərinin çox olmasında milliyyətin önəmi yoxdur.
Kardioloq Nüsrət Əliyev Hit.az-a deyib ki, son vaxtlar əhalinin orta yaş göstəricisinin artması ilə əlaqədar ölkədə ürək xəstəliklərinin faizi artmağa başlayıb:
"Əgər Avropada 70 yaşdan yuxarı əhali arasında ürək çatışmazlığı 10% təşkil edirsə, bu rəqəm Azərbaycanda 70 yaşdan yuxarı əhali arasında 12-13%-dir. Əgər bu xəstələr xəstəxanalarda lazımi müalicə olunarsa, şuntlama və digər əməliyyatlar həyata keçirilərsə, ölüm halı 1% olar, əks halda bu rəqəm 3-4% təşkil edir. Zamanın tələblərinə əsasən ürək-damar xəstəlikləri hər il mütəmadi olaraq artır. Son 5 ildə ürək-damar xəstəsi kimi qeydiyyata düşənlərin sayı 2 dəfədən çox artıb. Bu xəstəliklərin qarşısını almaq üçün ancaq profilaktik və maarifləndirici tədbirlər lazımdır”.
Həmsöhbətimizin sözlərinə görə, bu xəstəliyin cavanlaşmasının ən mühüm səbəbi piylənmə-metabolik sindromla bağlıdır:
"Bunun da qarşısını uşaq yaşlarından almaq lazımdır. Əgər uşaqlar dərsdən sonra dönər yeyirlərsə, qazlı şirəli içkilər içirlərsə, bu piylənməyə səbəb olacaq və nəticədə ürək-damar xəstəlikləri yaranacaq. Bəzi ölkələrdə məktəb, universitetlərdə qazlı, şirin içkilərin, şokoladın satışına icazə verilmir".
Sevinc