Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı "Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin "Ucqar kəndlərdəki abituriyentlər üçün rəqəmsal təhsil və mentorluq proqramı" təşəbbüsününə dəstək verib.
Təşəbbüsə uyğun olaraq, Beyləqan, Qusar və Lerik rayonlarında Birliyin rəhbəri Sevinc Fədai, peşəkar psixoloq, NLP master Rübabə Mərdanova və sosioloq-yazıçı, ADU-nun müəllimi Tural Cəfərovun "Məsafələr uğura əngəl deyil” təlim proqramı ilə açılış mərasimi baş tutub. Tədbirdə ucqar kəndlərdən olan abituriyentlər və uşaqlar, müəllim və valideynlər iştirak edib. Abituriyentlərə təşəbbüs çərçivəsində onlayn dərslərə qoşulmaq və ali məktəbə qəbul imtahanlarına hazırlaşmaq üçün planşet və tədris vəsaitləri təqdim olunub.
Həmçinin, təşəbbüs proqramının əməkdaşları Samirə Gülməmmədova, Nərmin Veysəlova və Gülnar Sadıqova abituriyentlərlə təlimatlandırıcı söhbətlər aparıb, onların qorxu və həyəcanını aşmağa kömək edən, özgüvən qazandıran art terapiya proqramı həyata keçirilib.
Təşəbbüsün məqsədi ali məktəblərə qəbul imtahanlarında zəif nəticə göstərən ucqar kəndlərdən olan abituriyentlərin keyfiyyətli təhsilə və psixoloji hazırlıq səviyyəsinə çıxış imkanlarını gücləndirməkdir. "Hər kəs üçün keyfiyyətli təhsil” prinsipinə söykənən təşəbbüsün xüsusi hədəf qrupu ucqar bölgələrdə yaşayan aztəminatlı ailələrin övladları, həmçinin internat məktəblərində oxuyan, valideynlərini itirmiş yeniyetmələrdir.
Təşəbbüs çərçivəsində hər gün peşəkar müəllimlər tərəfindən keçirilən dərslərlə abituriyentlərin hazırlığı optimal səviyyəyə gətiriləcək, onların keyfiyyətli təhsil almaq imkanı olan abituriyentlərlə rəqabət aparmaq imkanları artacaqdır.
Layihə ərzində Lerik, Qusar və Beyləqanın kənd abituriyentlərinə onlayn dərslərlə yanaşı, onlayn psixoloji konsultasiya, maarifləndirici seminarlar da veriləcək, onların həyat immuniteti gücləndiriləcək, bilikləri artırılacaq.
Qeyd edək ki, Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinə məxsus təşəbbüsü
Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı "Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində Umay Təlim Mərkəzi İcra edir.