Pəhrizə başlar-başlamaq qida rasionundan çıxarılan ilk ərzaq çörəkdir. Bir çox mütəxəssis də çörəyin artıq çəkiyə səbəb olması tezisini təsdiqləyir.
Hesab olunur ki, qara çörəkdə kalori daha azdır və arıqlamaq istəyən insan ağ çörəkdən imtina edib, yalnız qara çörək yeməlidir.
Maraqlıdır, qara çörək doğrudanda arıqlamağa səbəb olur?
Dietoloq Leyla Sarıyeva Hit.az-a açıqlamasında qeyd edib ki, arıqlamaq üçün çörəyi tamamilə qida rasionundan çıxartmaq yolverilməzdir. Gündə üst-üstə 5 dilim çörək yemək olar:
"Amma çalışmaq lazımdır ki, kalorisi bir qədər az olan çörəkdən istifadə edilsin. Yaxud da o kalorini orqanizmə verən qidalar digər az kalorili qidalarla əvəzlənməlidir. Məsələn, 3 xörək qaşığı qarabaşaq 1 dilim çörəyə bərabərdir. Yaxud da 4 şabalıd yeyən insan 1 dilim çörək yemiş sayılır. Ona görə də dietik reseptləri qidaların tərkibini bilən mütəxəssislər hazırlamalıdır ki, qida rasionundan birini çıxartdıqda onu qismən əvəzləyən qida tövsiyə etsin. Yaxud da bilsin ki, əgər insan bir gündə 1 stəkan popkorn yeyibsə, bu, bir dilim çörəyə bərabərdir. Unutmaq olmaz ki, gündəlik enerji ehtiyacımızın 55 faizini karbohidratlardan, yəni çörəkdən alırıq. Çörəyi tamamilə gündəlik qida rasionundan çıxartmaq sinir sistemi xəstəliklərinə və sair fəsadlara yol aça bilər. Yəni çörəkdə hansı qidalar varsa, dieta zamanı onun alternativi tövsiyə olunmalıdır ki, orqanizmin karbohidrata olan tələbatı ödənilsin".
Ekspert onu da deyib ki, mağazalarda satılan qara çörəyin bir çox növləri onun dadını yaxşılaşdıran və qanda şəkərin səviyyəsini yüksəltməyə qadir olan müxtəlif əlavələrdən ibarətdir.
Sevinc