Xəzər dənizində suyun səviyyəsi enir, nə etmək lazımdır? - AÇIQLAMA

09:44 / 12.02.2024
315

Xəzər dənizində suyun səviyyəsinin enməsi son illərin aktual, bir o qədər də cəmiyyəti ciddi narahat edən müzakirə mövzusudur. Bir neçə gün öncə Xəzərin suyunun çəkilməsi nəticəsində Bakı bulvarının sahilində illər əvvəl batan gəminin qalıqlarının üzə çıxması isə bu müzakirələri daha da genişləndirib. Müşahidələr göstərir ki, Xəzərin taleyi barədə yaxın illər ərzində müsbət proqnoz vermək çətindir... 

Xəzər Araşdırmaları Mərkəzinin rəhbəri, professor Çingiz İsmayılov Pravda.az-a açıqlamasında deyib ki, Xəzərin səviyyəsinin tərəddüdü təbii proseslərdir:

Çingiz İsmayılov: “Ekologiya sahəsində boşluqlar çoxdur” Pravda.az

“Burada insanın təsiredici rolu olsa da, həlledici rolu yoxdur. İqlim dəyişməsi, yağıntıların həcminin azalması, istiləşmə prosesi, buxarlanmasının atması, günəş şüalılığının təsiri nəticəsində Xəzərə daxil olan suyun həcmi azalır. Burada insan da öz təsirini göstərir. Xəzərə daxil olan suların suvarma, təsərrüfat üçün, içməli su mənbəyi kimi istifadə həcmi artır. Təbii ki, bu, Xəzərdə su balansının dəyişməsinə səbəb olur. Sual yaranır: Bəs nə etməliyik? Birincisi, anlamalıyıq ki, Xəzərin səviyyəsinin tərəddüdü təbii prosesdir. Bunu nəzərə alaraq, suyun səviyyəsinin qalxmasını, yaxud enməsini dayandırmaq iqtidarında deyilik. Son 200 il ərzində, yəni 1829-cu ildən başlayaraq müşahidələr aparılıb ki, Xəzərdə suyun səviyyəsi dəqiq nə qədər qalxıb, nə qədər düşüb. Hesablanılıb və müəyyən edilib ki, 200 il ərzində səviyyənin tərəddüdü yuxarı-aşağı 3 metr olub. Bundan çox olmayıb. Sahil ərazilərdə təsərrüfat fəaliyyətimizi təşkil etdikdə bu amili nəzərə almaq lazımdır ki, suyun səviyyəsi bu həcmdə - 3 metr amplitudasında dəyişir. Hər hansı sahil ərazisində obyektlərin, çimərliklərin yaradılması, balıqçılığın, liman təsərrüfatının inkişafı - bütün bunlar 3 metrlik səviyyənin, tərəddüdün əsasında müəyyən edilməlidir. Əks təqdirdə, təbii ki, bu, sahilə, limanlara, təsərrüfatlara, balıqçılığa, dəniz nəqliyyatına təsir edir, böyük iqtisadi ziyan dəyir”. 

0