Yeməyi çox isitməyin zərərləri nələrdir? - Bir çox problemə səbəb ola bilər

12:27 / 12.02.2024
482

"Yemək bişdikdən sonra süfrədə 2 saatdan az müddətdə qalıbsa, onu soyuducuda saxlamaq olar".

Bu sözləri qida məsələləri üzrə ekspert Ağa Salamov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, 2 saatdan artıq süfrədə qalan yeməyi soyuducuya qoymağın heç bir əhəmiyyəti yoxdur:

"Otaq temperaturunda 2 saatdan az müddətdə süfrədə qalan yeməyi soyuducuya qoymaq və 48 saat ərzində orada saxlamaq olar. Buraya ət, toyuq, balıq və s. qidalar daxildir. Yəni onları 48 saat ərzində istehlak edə bilərik. Daha artıq qaldıqda isə qida zəhərlənməsinə səbəb ola bilər".

343604

Ekspert vurğulayıb ki, yemək bişirərkən qida rasionu düzgün hesablanmalıdır:

"Qida rasionu düzgün hesablanmalı və adam sayına uyğun olaraq yemək bişirilməlidir. Bu, israfçılığın da qarşısını alır. Üstəlik, süfrədə artıq yemək qalmadığı üçün onu yenidən isitmək zərurəti də yaranmır.

Yenidən isidilən yeməklər tam qızmalıdır. Məsələn, ətin iç istiliyi ən azı 75 dərəcə temperaturdan yuxarı olmalıdır. Yemək isə tam yaxşı isidilməlidir ki, zəhərlənməyə səbəb olmasın. Amma rasionun düzgün hesablanması və yeməyin artıq qalmaması tövsiyə olunur". 

Mütəxəssis qeyd edib ki, yenidən isidilən yeməyin tərkibində histamin maddəsi artır:

"Həmçinin, qızdırılan yeməklərin qida dəyəri aşağı düşür. Bu isə baş ağrısı, burun tutqunluğu, həzm sistemi və bağırsaqlarda problemin yaranmasına, habelə histamin allergiyasına səbəb ola bilər. 

Ona görə də yeməyin bişirilən kimi yeyilməsi tövsiyə olunur. Nəzərə almaq lazımdır ki, yeni bişirilən yeməyin ləzzəti və qida dəyəri yüksək olur. Lakin soyuducudan çıxarılıb isidilən yeməklərdə histamin maddəsi artır".

Pərviz

0