Efirdən yayılan sərsəmlik - Yüksək mədəniyyət bu idi?

ÖLKƏ
17:17 / 20.02.2024
382

Taksidə yol  gəlirəm səhər-səhər. Aparıcılar öz aralarında nə gəldi danışırlar, nə diksiya var, nə səsdə bir vurğu, intonasiya. Məhəllə qeybəti kimi bir şey.

Dalğanı dəyişirəm, əvvəl elə başa düşdüm ki, ingiliscə danışır aparıcı. Ağzını yaya-yaya, nə dediyindən heç nə anlamırsan, handan hana başa düşdüm ki, bizim dildə danışırmış.

Kanalı dəyişirəm, kişi aparıcı xanıma deyir ki, bu gün ev heyvanlarına qayğı günüdür. Sənə yemək alacam? Çünki sən mənim pişiyimsən.
Yadıma Zaur Kamalın illər öncə radiodan səsi gənc gələn bir kişiyə “sənin yaşın 40 olmaz, 20 il olar mənə yalan danışdın get tullan o yana” deməyi düşdü. 

Bu sözdən sonra Zaurun işdən atılacağını düşünmüşdüm, əksinə yüksəldib  , telekanalda da veriliş verdilər, dedilər qoy söysün, kimi istəyir, təhqir eləsin.

Sonra Zaurun yaxşı pullar qazandığını görən çoxlu sayda intellektdən küt aparıcı onun yolunu davam elədi. Ağlına, ağzına nə gəldi, başladı mikrofon qarşısında çərənləməyə. 

Buna çərənləməkdən başqa bir ad vermək olmaz. Özəl kanallardır deyib, kimsə onlara qaşın üstə gözün var demədi.

Ailə məişət məsələləri məhkəmələrdə yox, Zaurun, Elgizin, Xoşqədəmin proqramlarında “həll olunur”. Dırnaq içində yazıram, 
çünki bu proqramlar yanğına körüklə gedib, qarışqadan fil düzəldir, tərəfləri barışdırmaq əvəzinə reytinq xətrinə bir-birinə qırdırırlar.
Ekspert qismində gələn qonaqların da  vəzifəsi aranı qızışdırmaq, qaşınmayan yerdən qan çıxarmaqdır. Sonra da deyirik cəmiyyətdə qətllər artıb, vəhşilik, narkomaniya baş alıb gedir. Nümunə məkanı kimi gördüyümüz efirlərdə təbliğ budursa sadə insanlardan nə gözləyirik? Qan su yerinə axacaq. “Buna nə zaman son veriləcək?” sualını vermirəm. Çünki gecikmişik. Həm də 20 il gecikmişik. Artıq bu gurultu altında bir nəsil yetişib.
Daha nəsillər savaşmır, indi nəsillər bir-birinə qarışıb. Qocalar TikTokda cavanlıq edir, cavanlar qocaya hörmət anlayışını unudub. Çünki birinci qoca özü-özünə hörmət qoymalı idi.

Beləcə gedirik üzü zülmətə doğru. Özümüz özümüzü saxlamağı bacarmadıq, barı Allah saxlasın.

Murad

0