Bizdə adətdir axı, xalq olaraq ağrımasaq həkim müayinəsinə getmirik.
Necə deyərlər , mollalıq olanda həkimə gedirik, həkimlik olanda mollaya.
Halbuki müntəzəm olaraq həkim müayinəsindən keçmək , bir çox ağır xəstəliklərin vaxtında aşkarlanması, asan müalicəsinə səbəb olur.
HİT.az-a açıqlama verən stomatoloq Hümbət Nəsrullayev bildirib ki, diş ağrımasa belə, insanlar ayda 1 dəfə stomatoloqda müayinədən keçməlidirlər. Həkim bunun üçün 3 səbəbin olduğunu deyib.
“Birincisi, sizin görmədiyiniz yerlərdə diş çürükləri əmələ gələ bilər. Dişiniz tam məhv olmadan xəbərdar olmağınız və lazımi tədbirlə alınması lazımdır. Dişlərdə davamlı olaraq diş daşları yaranır. Onların təmizlənməməsi ağızda pis qoxunun yaranmasına, diş saralmalarına, diş minasının zədələnməsinə səbəb olur. Bu estetik olmayan görüntünü aradan qaldırmaq üçün peşəkar yardım almaq lazımdır.
Dişlərinizə edilmiş müdaxilələrin zamanla dəyişikliyə uğrayıb uğramadığını bilmək üçün də həkimə müraciət etməlisiniz. Məsələn deyək ki, sizdə ağızda diş qapaqları, protez diş qaynaqları var. Bəzi dişlərin götürülməsi, damaqda yaranmış problemlər səbəbi ilə onlar əvvəlki qaydada damada dayanmaya bilər. Bu da daha böyük problemlərin yaranmasına səbəb olar. Unutmaq olmaz ki. vaxtında edilmiş müayinə müalicənin yarısı deməkdir”,- həkim bildirib.
Murad