Ölkə gündəmini 2 məktəbli qızın bir başqa qızı təhqir etməsini əks etdirən videolar zəbt edib.
Görməyənlər üçün qeyd edək ki, hadisə Bakıda, 156 saylı məktəbin şagirdləri arasında baş verib.
Bir qız digər qızın saçını kəsir, alnına təhqiredici söz yazır, başında yumurta qırır, digəri bunu çəkir, yayır.
Təhqir edənlər gülür, kənardan oğlanlar baxır, təhqir olunan isə aciz-aciz qədərinə razı olur.
Görünür aralarında ortaq sevgili məsələsi olub.Yoxsa bu biabırçı görüntüyə, bu zalımlığa ayrı cür məna vermək olmaz. Amma ən kiçik səbəb belə bu baş verənlərə haqq qazandırmır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsələ ilə bağlı Hit.az-a verdiyi açıqlamada bir cümlə diqqət çəkir.
”Təhqir olunan qız da bir vaxt o qızları təhqir edibmiş, hadisə buna görə yaşanıb”.
Haqsızlığa nə üçün don geydirilir, məqsəd nədir?
Məktəb direktoru bütün olanları uşaqlar arasında zarafat kimi dəyərləndirib. Şübhəli görünmür?
Hit.az-a açqılama verən tanınmış həkim Rəşid Mahmudov bildirib ki, müasir ailələrdə uşaq tərbiyəsinin yarıtmaz halda olması bu vəziyyətə gətirib çıxarıb.
“Bizim vaxtımızda müəllimə Allah kimi baxırdılar. Evdə valideynindən çəkinməyən məktədə müəllimini görüb özünü abıra salırdı. Mən ailə qurmuşdum. Övlad sahibi idim, tanınmış həkim idim. Orta məktəb müəllimimi görəndə özümü yığışdırırdım. İndi hərə əlində telefon, müəllimi çəkir qoyur sosial şəbəkəyə, müəllim ağzını açıb uşağa söz deyə bilmir. Belə olmalıydı da. Nə gözləyirdiniz? Məktəbə gələn uşaq müəllimin məsuliyyətindədir. Bir şey olsa günahı müəllimə yıxa bilirsiniz, müəllimin uşağa söz deməsini götürə bilmirsiniz? Tərbiyəsiz valideynin yetişdirdiyi uşaqlar belə olur. Gözünüzə su verin! Müəllimin hörmətini yenidən qaldırmasaq, gördüyümüz pis əməllərə səs çıxarasaq belə hadisələr çox olacaq”,- deyə Rəşid Mahmudov bildirib.
Murad