Bu layihə həyatımın dönüş nöqtəsi oldu - 19 yaşlı Röyanın hekayəsi

ÖLKƏ
18:00 / 30.01.2024
441

Mən Röya Nəhmətli. 19 yaşım var. Lerik rayonunda yaşayıram. Hazırda abituriyentəm, özü də artıq 4 ildir ki, ali məktəbə qəbul olmaq üçün çalışıb-çabalayıram. Daim yeniliklər axtarışında olan, özünü inkişaf etdirmək üçün fərqli yollar sınayan, özü ilə barışıq bir insanam. Həyatımın son 1 ilində çox fərqli və çox gözəl şeylər öyrəndim. Özümü daha çox sevməyin yolunu axtardım və tapdım. Əslində, axtardığımız bir çox şey uzaqda yox, elə yaxınımızdadır. Amma biz onu görmək üçün cəhd etmirik. Ya da kimlərinsə yolumuza işıq tutmasını gözləyirik. Mənim həyatımın dönüş nöqtəsi də elə burdan başladı – təsadüfən qarşılaşdığım bir layihədən…

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi Avropa İttifaqının və BMT İnkişaf Proqramının "Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı" layihəsi çərçivəsində bir təşəbbüs həyata keçirirdi. Bu, "Ucqar kəndlərdəki abituriyentlər üçün rəqəmsal təhsil və mentorluq proqramı" təşəbbüsü. Təşəbbüsün məqsədi ucqar kəndlərdəki abituriyentlərə həm təhsil yönümündə, həm, psixoloji cəhətdən yardım göstərərək, onlara dəstək olmaqdır. Layihənin digər müsbət tərəfi, bilirsiniz, nədir? Azərbaycanın fərqli bölgələrindən olan fərqli yaş kateqoriyasındakı abituriyentlərin bir-birini tanımaq şansını qazanır.

Hamı kimi mənim də məqsədlərim var. Mənim də çatmaq istədiyim hədəflər, özümü görmək istədiyim yerlər var. Amma uzun müddət bunu necə etməli olduğumu bilmirdim. Dediyim kimi, mən artıq 4 ildir ki, universitetə hazırlaşıram. Bir çoxuna maraqlı gəlir ki, mən niyə başqa yollar seçmirəm. Bunun cavabı çox sadədir. Bizi kənardan görən heç bir insan bizim daxilimizdə nələrlə mübarizə apardığımızı, bizim həyatımızın necə olduğunu heç nə bilmir. Mənim də çiynimə ağırlıq edən yüklər var. Ancaq mən heç nəyə baxmayaraq, öz məqsədimdən vaz keçmək istəmədim.

Bir müddət özüm üçün fərqli yollar axtardım. Özümə dərs cədvəlləri qurdum. Hər gün onları yerinə yetirmək üçün özümü məcbur edirdim. Bununla yanaşı, bir çox işlərin də öhdəsindən gəlməliydim. Könüllülük fəaliyyətinə də başlamışdım. Mənim üçün bu dövr çox ağır keçirdi. Yenə də üşünürdüm ki, belə də olmalıdır. Ancaq unutduğum çox önəmli bir şey var idi. Mənim psixologiyam bunları qəbul etmirdi, daşıya bilmirdi. Həmişə davam etmək, dayanmamaq, bəlkə də, çoxlarının arzusudur. Amma mən dincəlib, özümə zaman ayırmağı – özümü unutmuşdum. Özümü dinləməyi unutmuşdum. Düşünürdüm ki, hər şey bir gün yaxşı olacaq. Bu, yaxşı düşüncədir. Siz də özünüzə bu cümləni deyirsinizsə, inanaraq deyin. Özünüzü aldatmayın. Yaxşı olması üçün yollar axtarın. Özünüzə dəyər verərək bunu edin. Çünki içinizdəki işıq, ətrafınızdakı qaranlıqdan çox daha parlaqdır.

Bu layihəyə qoşulanda düşünürdüm ki, dərslərimi daha ciddi və sistemli şəkildə yerinə yetirəcəm. Bir yandan da, digər abituriyent yoldaşlarıma kömək edərək, onlara da dəstək olacam. Düşündüklərimdən daha da artığı oldu. Bəzən özümü pis hiss etdiyim günlər olurdu. Dərs saatımız çatanda, dərsə daxil olduğum zaman müəllimlərimizin böyük enerji və sevinclə "Necəsiniz, uşaqlar?" kəlməsi məni ayıldırdı. Bütün müəllimlərimiz sanki xüsusilə seçilib. Onlarla söhbət etmək, dərsləri dinləmək mənim üçün motivasiya mənbəyi oldu. Abituriyentlərin hər birinin dərsləri fərqli formada öyrənmə metodları və aramızda olan şirin rəqabət, bizlərə bir az daha öz üzərimizdə çalışmaq üçün fürsət verirdi. Mən fərqli insanlarla tanış olmağı çox sevirəm deyə bu platforma və mühit mənim üçün əvəzolunmazdır.

Mentorluq proqramının psixoloqu Rübabə Mərdanova ilə olan görüşlərimiz isə layihənin ən gözəl tərəflərindən biridir. Onunla danışdığım an onun səsinin mənə verdiyi rahatlığı və məsələlərə baxış bucağı məni heyran edir. Özümə qarşı inamımı daha çox artırmaqda, panika yaşadığım anlarımla necə mübarizə apara biləcəyimi və əslində, bir çox şeyin bizim özümüzün əlində olduğunu görməyimə kömək oldu. Layihə boyunca danışılan mövuzlar və seminarlar bizim özümüzü sorğulamaqda və olan problemlərə qarşı olan düşüncələrimizi formalaşdırmağa yardımçı oldu. Bizim problemlərimizi dilə gətirmə qabiliyyətimizi də inkişaf etdirdi. Çünki burada bizi dinləyən və anlayan insanlar var idi. Layihə rəhbəri Sevinc Fədainin bizimlə olan dialoqları bizə özümüzü özəl və güclü hiss etdirir. Ümumilikdə layihə komandasının hər bir üzvünün əməyi bizim üçün çox önəmlidir. Onlara dərin minnətdarlığımı bildirirəm. Mən bu layihəyə qoşulduğum və bu müddəti onlarla birlikdə keçirdiyim üçün çox şanslıyam. Mən özümün ən yaxşı versiyamı yaratmağı qarşıma məqsəd qoymuşam və yoluma işıq tutan bu insanları heç bir zaman unutmayacağam. Hər birinizi çox sevirəm…

QEYD: Röya Nəhmətli "Ucqar kəndlərdəki abituriyentlər üçün rəqəmsal təhsil və mentorluq proqramı" təşəbbüsünün 30 iştirakçısından biridir. Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinə məxsus təşəbbüsüAvropa İttifaqı və BMT-nin İnkişaf Proqramı "Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində Umay Təlim Mərkəzi İcra edir.

0