Müəllim uşağı döyməlidir?

ÖLKƏ
18:48 / 22.02.2024
215

Bir neçə gündür sosial şəbəkələrdə məktəbli qızların videogörüntüləri qızğın müzakirələrə səbəb olub. 

Müzakirə edənlərin bir çoxu o fikrə gəlir ki,  müəllimlərin hörmətdən salınması prossesinin acı nəticələri bu gün özünü bu şəkildə göstərir. 

Bir qrup insan deyir müəllim sərt olmalıdır ki, məktəbdə nizam-intizam olsun - Müəllim yeri gəlsə uşağı döyər də, söyər də.

Başqa bir qrup isə bu fikirlə razılaşmayıb, “heç kim mənim uşağıma əl vura bilməz” iddiasını səsləndirir.

Yazıçı Azər Qismət Hit.az-a bildirib ki, müəllimlərin şagirdlərə qarşı bulinqi Sovet dövründə də olub:

“Sinif yoldaşımız olan bir qızın cızma qaralarını görən müəllimimiz qızları sinifdən çıxarıb, oğlanları məcbur eləmişdi ki, şagirdin üzünə tüpürsünlər”.

Jurnalist İlhamə Loğman isə bildirib ki, oxuduğu orta məktəbdə şagird qızlardan birinin sevgi məktubunu müəllim hər kəsin gözü önündə oxuduğuna görə, qız intihara cəhd etmiş, bir daha məktəbə ayaq basmamışdı. 

Pedaqoq Lütfiyyə İmanova HİT.az-a bildirib ki, müəllim ilk növbədə yaxşı psixoloq olmalıdır.

“Yuxarıda qeyd etdiyiniz hər iki nümunədə müəllim kobud səhvə yol verib. Damarlarında qanı dəli axan uşaq, yeniyetmə və gənc bu kimi kobud rəftardan sonra intihar edə, özünə və başqalarına zərər vura bilər. Günahkar isə birmənalı şəkildə müəllim olar. İnsan gəncliyində bilmədiyi hər gizlin şey haqqında maraqlanır, məlumat toplamağa çalışır. Müəllim bunu anlamalı, fərdi söhbət etməyi bacarmalı, lazım gələrsə dost kimi məsləhət verməli, lazım gəlsə ana–ata qayğısı göstərməlidir. Oğurluq edən uşağın dərdi nədir onu anlamalıdır, uşaq pintidirsə bunun səbəbini araşdırmalıdır, nəinki onu lövhə önünə çıxarıb şagirdlərin qarşısında qızartmalıdır. Uşaqlar anlamadıqlarına görə amansız olurlar. Onlar bunu zarafat bilib lağ edir, qarşılarındakı şagirdi əzir, qısnayır. Ömürlük travma yaradırlar. Müəllim olan kəs bunu  dərk eləməlidir axı. Nizam –intizam xətrinə sərtliyin öz yeri var. Uşağı yüngülcə töhmət etmək olar. Amma döymək, əl qaldırmaq söymək, təhqir etmək yolverilməzdir. İnanın ki, hər problemi sevgi və qayğı ilə də həll eləmək olar. O diplomu bizə bunları bilək deyə verirlər”,- deyə müəllim bildirib.

Murad

0