BŞTİ-yə rəhbərlik ona həvalə edildi - FOTOLAR

ÖLKƏ
11:32 / 23.02.2024
568

Fevralın 23-də elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nərminə Hüseynovaya həvalə olunub. 

Bu barədə HİT.az-a Elm və Təhsil Nazirliyindən (ETN) məlumat verilib.

Nərminə Hüseynovanı kollektivə elm və təhsil nazirinin müavini Həsən Həsənli təqdim edib.  

Tədbirdə Bakı şəhəri üzrə təhsil müəssisələrində monitorinq və nəzarətin gücləndirilməsi, şagird davranış qaydalarının tətbiqi, tədris keyfiyyətinin artırılması və müəllimlərin sertifikatlaşdırma imtahanlarına hazırlığı məsələləri ilə bağlı müvafiq tapşırıqlar verilib.

Çıxış edən Nərminə Hüseynova öz növbəsində ona göstərilən etimada görə minnətdarlığını bildirib, qarşıya qoyulan hədəflərə çatmaq üçün üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyini söyləyib.

Qeyd edək ki, BŞTİ-nin müdiri vəzifəsində çalışan Mehriban Vəliyeva 4 oktyabr 2023-cü ildə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini təyin edilib.

0